Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2018-ci il tarixdə Cəlilabad rayonunda Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir.

26 fevral 2018 | 16:00

    Fevralın 26-da  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və ictimaiyyət nümayəndələri Xocalı soyqırımı ilə əlaqədar Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin şəhərciyində yerləşən Xocalıdan olan Zakir Ələkbərovun ailəsini ziyarət etmişdir. Məcburi köçkün ailəsi onlara göstərilən diqqət və qayğıya görə rayon başçısına minnətdarlığını bildirmişdir . Daha sonra Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinə gələn rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olmuş və böyük akt zalında keçirilən tədbirə qatılmışdır.

    Rayon ictimaiyyət nümayəndələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, İdarə , təşkilat rəsmilərinin, tələbələrin və məktəblilərin də iştirak etdiyi tədbiri giriş nitqi ilə açan icra başçısı Namiq Zeynalov tarixdə analoqu olmayan ,ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı Soyqırımını yalnlz soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirmişdir. Namiq Zeynalov sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, "bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi həkk olunmuşdur.  Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Bildiyiniz  kimi, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı  bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
   

      Ermənilərin məkrli niyyətlərinin qurbanı olan şəhər və rayonlarımız arasında Xocalının başına gətirilən müsibətlər daha faciəviidir. Ümumilikdə 7 min nəfər əhalisi olan Xocalı şəhərinin yer üzündən silinməsi və əhalinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Bu məkrli plan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyata keçirildi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı orada  yalnız 3 minə yaxın insan vardı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə-yeksan edilmiş, 613 nəfər dinc əhali, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca işgəncə ilə qətlə yetirilmişdir. Eyni zamanda 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər girov götürülərək ağlasığmaz təhqirlərə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildiur. 
   

     Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmiş, uşaqlara və qadınlara aman verilməmişdir.  Hətta adamlar diri-diri torpağa basdırılmış, baş dərisi soyulmuş və müxtəlif əzaları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmışdır. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozduğunu, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalistləri  dəhşətə gətirmişdir.

    Təəssüf ki, ayrı-ayrı dövlətlər Xocalı faciəsi kimi real soyqırımını görməzliyə vuraraq Azərbaycanın haqq səsini eşitməmiş, yalançı erməni təbliğatının təsiri altında həqiqəti inkar etmişlər. Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiliyinə qarşı mütəşəkkil müqavimət göstərilməyə başlanmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, faciəni insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamları ilə Xocalı soyqırımının ildönümləri ölkə miqyasında qeyd edilmişdir.

   Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Möhtərəm Prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan öz ərazisinin suverenliyinə, əzəli torpaqlarının quldurcasına  zəbt edilməsinə və qoparılmasına heç zaman razı olmayacaq və mövcud imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail  olacaqdır. Ermənistan da gec-tez bunu anlayacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını geri qaytaracaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin təşkilatçıları və icraçıları öz cəzalarına çatacaqlar. 

    Sonda Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş şair İman Abdullanın “Əsrlər poeması”nın motivləri əsasında səhnələşdirilmiş “Məni bağışlayın” adlı birpərdəli faciə nümayiş etdirilmişdir.

 

Keçidlər