Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib

20 yanvar 2020 | 16:00

Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər.Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub. Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin soyuq qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.  20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər