Açıq məlumatlar
Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşların maarifləndirilməsi
Korrupsiya vəzifəli şəxslər tərəfindən dövlət əmlakının oğurlanması, talanması və mənimsənilməsi, xidməti statusdan sui istifadə edərək şəxsi mənfəət (güzəşt, imtiyaz) əldə edilməsi, ictimai məsuliyyət və şəxsi tamah arasında maraqların konfliktidir. Korrupsiyanı Hüquqi cəhətdən tək bir qanunazid əməl kimi qiymətləndirmək olmaz. Daha çox sosial və kriminoloji aspektdən bir sintez kimi qəbul etmək lazımdır. Sosioloji baxımdan neqativ xarakterizə olunan, bir sıra hüquqa zidd əməllərin məcmusu kimi baxıla bilər.
İstənilən sahədə İnkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu, ilk növbədə: ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial İnkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur. Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi İnkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab edilir. Korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur.
Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilmişdir. Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir.
Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.
Korrupsiya cinayətləri arasında rüşvətlə bağlı cinayətlər xüsusi yer tutur. Çünki rüşvətxorluq korrupsiyanın ən təhlükəli təzahürlərindəndir. Azərbaycan Respublikası CM-nin 311-ci maddəsində rüşvət alma 312-ci maddəsində isə rüşvət vermə cinayətləri nəzərdə tutulmuşdur. Rüşvət alma və rüşvət vermə korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından hesab edilir. Rüşvət alma cinayətinin təhlükəliliyi ondadır ki, o, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin,mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət vermənin spesifik xüsusiyyətlərinə gəlincə isə onu qeyd etmək lazımdır ki, bu zaman dövlət qulluqçularının korrupsiyaya qurşanmasına əlverişli zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyə meyl yaranır,insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi şəkildə pozulur. Bir qayda olaraq, rüşvət, onu verənin və ya təmsil etdiyi şəxsin xeyrinə konkret hərəkətin (hərəkətsizliyin) edilməsinə görə verilir. Bir sözlə,vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni, həm də qanunsuz ola bilər. Burada qanunsuz hərəkət (hərəkətsizlik) dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən,yaxud ümumiyyətlə,qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur. Bu cinayət növünün korrupsiyanın ən geniş yayılmış təzahür forması olmasını nəzərə alsaq, onun qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi xüsusiyyəti diqqəti cəlb edir. Korrupsiya ilə məşğul olan qrupların başçıları aktiv fəaliyyət göstərmək üçün müxtəlif vəzifə adamları ilə münasibətlər qurmaqdan ötəri hər bir imkandan istifadə etməyə çalışırlar. Hər bir vəzifəli şəxs və ya hakimiyyət nümayəndəsi cinayətkar qrupla razılığa gəldiyi təqdirdə qrup tərəfindən onun üçün müəyyən olunmuş konkret funksiyanı yerinə yetirir və tutduğu vəzifədən,göstərdiyi xidmətdən asılı olaraq əvəz alır.
Qeyd etmək lazımdır ki, korrupsiyanın mahiyyətində yalnız rüşvətxorluq deyil, həmçinin açıq rəqabəti məhdudlaşdıran inhisarçılıq,möhtəkirlik kimi cəmiyyət həyatının bütün sahələrində problemlərin meydana gəlməsinə səbəb olan əməllər dayanır. Beynəlxalq təcrübənin təhlilinə əsasən söyləmək mümkündür ki, korrupsiyaya qarşı mübarizə yalnız cinayət-hüquqi vasitələrlə deyil,eyni zamanda korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirməklə aparılmalıdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan höküməti korrupsiyaya qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirmiş və bu istiqamətdə müsbət nəticələrə nail olmuşdur. Belə ki,1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hüquq qaydalarını möhkəmlətməklə, məmurların məsuliyyətini yüksəltməklə, ictimai və hüquqi nəzarəti artırmaqla, sosial problemləri həll etmək istiqamətində həyata keçirdiyi tədbirlərlə korrupsiyanı doğuran elementlərin qarşısını almağa başladı. Ulu öndər korrupsiyanı təhlükəli sosial bəla adlandırırdı və ona qarşı ümumxalq mübarizəsi elan etmişdir. Bu mübarizənin səmərəliliyinə nail olmaq üçün zəruri təsisatlar yaradılmış, qanunlar qəbul edilmiş, respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha qətiyyətlə aparılır.
Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" uğurla icra olunmuşdur. Eyni zamanda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin yaratmışdır.
Belə ki, beynəlxalq standartların tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə əlavə və dəyişikliklər edilib, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilib, beynəlxalq əməkdaşlıq İnkişaf etdirilərək digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulub, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Eyni zamanda, iqtisadi və sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əmək haqlarının artırılması və sosial rifahının gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir.
Korrupsiyaya qarşı Azərbaycan Respublikasının Qanununda korrupsiyaya aşağıdakı kimi izah verilir: Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Korrupsiyaya qarşı Qanunvericilik Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla bütün fiziki və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir. Vəzifəli şəxs anlayışına izah vermək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə müraciət etmək lazımdır. Sözügedən maddənin qeyd hissəsində vəzifəli şəxs kimi aşağıda sadaladığım subyektlər nəzərdə tutulub.
1.Hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2.Dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
3.Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;]
4.Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər.
5.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
6.Xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
7.Beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici adlı icrasçılar
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.
Milli fəaliyyət planı ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlib. Milli fəaliyyət planının qəbul edilməsinin əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarətdir. Milli fəaliyyət planında dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin, əmək və sosial təminat sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə əsas hədəflər kimi müəyyənləşdirilib. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin ─ Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsini şərtləndirir. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.
Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir. Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.