2017-cı ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
12 fevral 2018-ci il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 2017-ci ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.RİH başçısı və qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn təşkil еdilmiş sərgiyə baxış keçiriblər.Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2017-cı ildə bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilmiş, nəzərdə tutulan layihələr reallaşmış, ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən daha da güclənmiş və beynəlxalq imici yüksəlmişdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.2017-ci ildə qazanılan uğurlar Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan 2018-ci il 29 yanvar tarixli konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ətraflı təhlil edilmişdir. Möhtərəm Prezidentimizin dediyi kimi, “ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyllərin gücləndirilməsi ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.
Bütövlükdə ölkəmizdə olduğu kimi, 2017-ci il Cəlilabad rayonu üçün də bir çox əlamətdar hadisələrlə zəngin olmuşdur. İlin ən mühüm hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 2-də rayonumuza tarixi səfəridir. Preziden kimi 8-ci dəfə rayonumuza gələn cənab İlham Əliyev səfəri çərçivəsində Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin, rayon telekommunikasiya qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin, “Günəşli-Aqro” MMC-nin aqroparkının istifadəyə verilməsi mərasimlərində iştirak etmiş, rayon ictimaiyyəti ilə görüşmüşdür.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayon ictimaiyyəti ilə görüşündə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib – içməli su, elektrik, qazlaşdırma, kənd yolları, magistral yollar, sosial obyektlər, xəstəxana, diaqnostika mərkəzi, məktəblər. Yəni bütün sosial kompleks yeniləşib. On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb və yeni imkanlar yaranıb”. İşimizə verilən bu dəyər bizi ölkə başçısının etimadını doğrultmağa, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirləri icra etməyə və ili uğurla başa çatdırmağa sövq etmişdir.Rayon icra hakimiyyətinin fəaliyyətində mühüm yerlərdən birini tutan abadlıq və tikinti-quruculuq işləri 2017-ci ildə də geniş vüsət almış, əsas kapitala 32 milyon 569 min manat investisiya yönəldilmiş, bir sıra sosial və istehsal təyinatlı obyekt istifadəyəı verilmişdir. Belə ki, Cəlilabad şəhərindəki 30 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri tikilmişdir. Bundan başqa, 5,7 kilometrlik Göytəpə-Komanlı və 9 kilometrlik Cəlilabad-Uzuntəpə yoluna asfalt vurulmuş, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsinə 41650 kubmetr çınqıl döşənmiş, 24750 kubmetr asfalt-beton qarışığı ilə təmir işləri görülmüşdür.
2017-ci ildə ölkədə icra edilən “40 yol layihəsi” çərçivəsində yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun ölkədə sosial layihələrin davamlı xarakter aldığını aydın nümayiş etdirir. Belə ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən 21,2 kilometrlik bu yol yük və sərnişin daşınmasının əsaslı şəkildə yaxşılaşmasına müsbət təsir göstərmişdir.Ölkə başçısının 2017-ci il 4 sentyabr tarixli Sərəncamı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 3 milyon manat vəsait ayrılmışdır. Həmin vaxtdan sonra yolun 11,0 kilometrinə asfalt döşənmiş, qış mövsümü ilə əlaqədar tikinti işləri müvəqqəti dayandırılmışdır. Yaxın günlərdə yolun təmirinə başlanılacaq və 59 kənddə yaşayan 60 min nəfər əhalini uzun müddətdən bəri narahat edən ciddi bir problem aradan qalxacaqdır.Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Vənlik, Soyuqbulaq, Badamağac, Sabirabad, Ləkin, Çinar və Şıxlar kəndlərinin daxili yollarının təmir edilməsi və 89,8 kilometr yola çınqıl döşənməsi də ilin yaddaqalan tədbirlərindəndir.
Dövlət vəsaiti hesabına 42 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 35 kilometrlik Maşlıq - Muğan - Söyüdlü - Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş - Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması layihəsi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihədə şəhərin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək üçün 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulmuşdur. Tikintisinə 2012-ci ildə başlanılan layihənin 2018-ci ilin birinci rübündə tam başa çatdırılması nəzərdə tutulmuşdur. Masallı rayonu ərazisində inşa olunan su anbarından hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına suyun öz axını ilə verilməsi üçün 30048 metr olan magistral boru xətti çəkilmiş, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borular quraşdırılmış və fərdi yaşayış evləri su sayğacları ilə təmin edilmişdir. Həmçinin çirkab suların axıdılması üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya-kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilmişdir. Layihədə nəzərdə tutulan 5 kanalizasiya nasos stansiyasının 2-də işlər tam yekunlaşdırılmışdır, 3-də isə tikinti işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab sutəmizləyici qurğunun inşası aparılır.
İlin mühüm obyektlərindən biri də “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsidir. Müəssisədə noxud, lobya, mərci və digər paxlalı bitkilərin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılmışdır. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün Türkiyədən gətirilmiş bütün zəruri avadanlıqlarla təchiz edilmişdir.Cəlilabad və Göytəpə şəhərlərinin 65 min nəfərdən çox əhalisinə iki kommunal müəssisələri kombinatı və bir mənzil istismarı sahəsi xidmət göstərir. Həmin şəhərlərdə əhalinin sürətlə artması bərk məişət tullantılarını daşıyan avtomaşınlara və kiçiktutumlu konteynerlərə tələbatı artırmışdır. Buna görə də əhaliyə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaqda və inzibati ərazi vahidlərində səliqə-sahman yaratmaqda bir sıra çətinliklər meydana çıxır. Göstərilənləri nəzərə alaraq biz Cəlilabad rayonuna bərk tullantı materialları daşıyan 4 avtomaşının, 1 ekskovatorun, 20 iritutumlu və 100 kiçiktutumlu konteynerin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rəsmi müraciət etmişik. Şübhə yoxdur ki, həmin texnikalar ayrıldıqdan sonra məişət tullantıları ilə bağlı problemlərə birdəfəlik son qoyulacaqdır.
Keçən il rayonda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı daha da artmışdır. Belə ki, il ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 4,8 dəfə, 2016-cı ilə nisbətən isə 62,6 faiz artmışdır. Rayon üzrə 7 milyon 244 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ildəkindən 11,4 dəfə çoxdur.Rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilmiş, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilmişdir. 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2003-cü ilə nisbətən 2,0 dəfə artmışdır. İl ərzində 282 milyon 376 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 139 milyon 864 min manatı və ya 49,5 faizi bitkiçiliyin, 142 milyon 512 min manatı və ya 50,5 faizi heyvandarlığın payına düşür.
İlboyu həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar bölmədə yüksək məhsuldarlığa nail olunmuş, rayon üzrə 160,5 min ton buğda, 13,4 min ton arpa, 5,9 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci, 1,2 min ton tərəvəz, 9,8 min ton çiyələk, 1,8 min ton qarğıdalı, 1,4 min ton günəbaxan, 654 ton bostan məhsulları, 9,2 min ton şəkər çuğunduru və 13,0 min ton üzüm istehsal olunmuşdur.Aqrar bölmənin mühüm sahəsi olan kartof əkini ildən-ilə genişləndirilmiş və cari ildə 4200 hektara çatdırılmışdır. Kənd əməkçiləri 96,2 min ton yüksək keyfiyyətli kartof istehsal etmişlər ki, onun da 85,0 faizi xarici ölkələrə ixrac olunmuşdur. Bu isə ixracın artırılması barədə ölkə başçısının verdiyi tapşırığın icrasına layiqli töhfə olmaqla yanaşı ölkəyə çoxlu valyutanın gətirilməsi deməkdir. Amma əhalinin kartofçuluğa meylinin getdikcə artdığı və xaricdən gətirilən toxumun baha başa gəldiyi nəzərə alınaraq rayonda kartof toxumçuluğu təsərrüfatının yaradılmasına ciddi ehtiyac vardır.
Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Keçən il rayonda 500 hektar sahədə pambıq əkilmiş və 1000 ton məhsul istehsal edilmişdir.Əvvəllər əhalinin məşğuliyyət sahələrindən biri olan, lakin sonralar dövriyyədən çıxan baramaçılığın inkişafına diqqət artırılmış, bu məqsədlə ilkin olaraq 10 min ədəd tut ağacı əkilmiş, baramaçılar tərəfindən “Şəki-ipək” ASC-yə 243 kiloqram məhsul təhvil verilmişdir.Rayon ərazisində 8 sahibkara məxsus 13 istixanada 115,1 min ton kənd təsərrüfatı məhsulları, o cümlədən 52,0 ton pomidor, 63,0 ton xiyar və 650 kiloqram çiyələk istehsal olunmuşdur.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma suyunun həlledici əhəmiyyət daşıdığı nəzərə alınaraq keçən il 30,0 min hektar əkin sahəsi suvarılmışdır. Bundan başqa, 27 hidrotexniki qurğu təmir edilmiş, 414 kubmetr kanal lildən təmizlənmişdir. Ölkə başçısının Sərəncamları ilə ayrılmış vəsait hesabına müxtəlif kəndlərdə 5 artezian quyusunun qazılması əkin suyuna tələbatın ödənilməsində mühüm rol oynamışdır. Cari ildə smeta dəyəri 1,5 milyon manat olan İncəçay su anbarının yenidən qurulması nəticəsində 1000 hektardan çox əkin sahəsinin suvarılması reallaşacaqdır.İl ərzində “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 3944 ton azot, 1966 ton kalium,1504 ton amafos, 1359 ton digər gübrələr satılmışdır.
Əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılması və məhsul istehsalının artırılması rayon kənd təsərrüfatı və baytarlıq idarələrinin daim diqqət mərkəzində saxlanılmışdır. Görülən tədbirlər nəticəsində keçən il 23,0 min ton ət, 82,4 min ton süd, 41,3 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin lizinq yolu ilə rayona 499 baş cins mal-qara gətirilmiş, 3114 baş qaramal süni mayalandırılmış və 1525 baş cins buzov alınmışdır. Hazırda şəxsi təsərrüfatlarda 99391 baş qaramalın, 122987 baş davarın və 624572 baş quşun bəslənməsi heyvandarlığa göstərilən qayğının real nəticəsidir. Həmçinin “Cəlilabad-broyler” ASC tərəfindən əhaliyə 3635 ton yüksək keyfiyyətli quş əti satılmışdır.
Açılışında ölkə başçısının iştirak etdiyi “Günəşli aqroparkı”nın ümumi sahəsi 1600 hektardır ki, onun da 1200 hektarında müasir suvarma sistemi – pivot quraşdırılmışdır. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına Sahibkarlığa Milli Kömək Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilmişdir. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda,160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilmişdir. Aqroparkda 500 baş südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası, talvarlar və yardımçı binalar tikilmişdir. Gələcəkdə 2500 baş ətlik istiqamətli heyvanların saxlanılması və mal-qaranın ümumi sayının 3000 başa çatdırılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə “Aqrolizinq” ASC-nin xəttilə xaricdən 232 baş cins inək gətirilmiş, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılmışdır. Hazırda isə yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisinə başlanılmışdır. Layihənin icrası nəticəsində 350-dək yeni iş yeri açılacaq.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkmək və yanacaq almaq üçün 2017-ci ildə 4 milyon 357 min manat subsidiya verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması və ixracın artırılması üçün rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağları zavodu, Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi və Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılmışdır. Həmçinin Rusiya Federasiyasına 81,6 min ton kartof və 76 ton çiyələk, Küveyt dövlətinə isə 12 ton üzüm ixrac edilmişdir.
Rayon ərazisindəki meşələrin mühafizəsi və yeni yaşıllıqların salınması da rayon icra hakimiyyətinin xüsusi diqqət mərkəzində olmuşdur. Keçən il İDEA layihəsi çərçivəsində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə rayonun landşaftına uyğun olan 20500 ədəd ağac əkilmişdir.
2017-ci ildə rayon icra hakimiyyəti sahibkarlığın inkişafına xüsusi diqqət yetirmiş, sahibkarların problemlərinin həllinə yaxından kömək göstərmişdir. İl ərzində kənd təsərrüfatı məhsulları istehsalı və ticarət-iaşə xidməti məqsədilə 63 sahibkara torpaq sahəsi ayrılmış, 18 obyektin tikintisinə icazə verilmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 7590 hüquqi və fiziki şəxsə 15 milyon 825 min manat, Sahibkarlığa Milli Kömək Fondu tərəfindən isə 170 sahibkara 1 milyon 329 min manat məbləğində kredit verilmişdir. Sevindirici haldır ki, 2017-ci ildə sahibkarların hüquqlarının pozulması barədə rayon icra hakimiyyətinin Apellyasiya Şurasına heç bir müraciət daxil olmamışdır.
Hesabat ilində rayon maliyyə idarəsi tərəfindən yerli xərclərin funksional bölmələri üzrə 14 milyon 880 min 908 manat vəsait xərclənmiş, büdcəyə 7 milyon 258 min manat vəsait daxil olmuşdur.
İl ərzində pensiyaçılara 52,5 milyon manat, işləyən sığortaolunanlara isə 2,4 milyon manat vəsait ödənilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən xeyli çoxdur. Həmçinin sosial sığorta haqqı ödəməyən 192 fiziki şəxsə xəbərdarlıq edilmiş, 460 nəfər işə cəlb edilməklə hər ay onlardan 14,9 min manat məcburi dövlət sosial sığorta haqqı alınmış, 514 təşkilatın bank hesabına 1 milyon 376 min manat inkassa sərəncamı qoyulmuşdur. 2016-cı il fevralın 15-dən avtomatlaşdırılan ünvanlı sosial yardımın təyinatı nəticəsində 1506 nəfərə hər ay 221 min 614 manat vəsait ödənilmişdir.Həmişə olduğu kimi, məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi, 20 Yanvar və Çernobl əlillərinin sosial problemlərinə diqqətlə yanaşılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 2017-ci il martın 9-da keçirilən müşavirədə verilən tapşırıqlara müvafiq olaraq rayonda faktiki məskunlaşmış 296 ailənin 105-i təbii qazla və 70-i içməli su ilə təmin edilmiş, 43 ailənin icarəsinə ödənişsiz 105 hektar torpaq sahəsi ayrılmışdır.
Əhalinin məşğulluğunun təmin olunması 2017-ci ildə də rayon icra hakimiyyətinin fəaliyyətində prioritet məsələ olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində ötən il rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydə alınan 1240 nəfərin 651-i daimi işlə təmin olunmuş, 22-nin sənədləri peşə hazırlığı kurslarına göndərilmiş, 24-ü ictimai işlərə cəlb edilmiş, 44-nə isə işsizlik müavinəti təyin edilmişdir. Aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb edilməsini nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 20 ailə aktivlərlə təmin edilmiş və kiçik ailə təsərrüfatları yaradılmışdır. Bundan başqa, dövlət başçısının birbaşa tapşırığına əsasən 319 nəfər “Yeni-inşaat -C” MMC-də, 207 nəfər qaz istismarı sahəsində, 103 nəfər Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələri kombinatlarında, 32 nəfər ekologiya sahəsində, 16 nəfər mənzil istismarı sahəsində, 14 nəfər yol istismarı idarəsində, 14 nəfər suvarma sistemləri idarəsində, 12 nəfər rayon elektrik şəbəkəsində, 3 nəfər isə rayon su-kanal idarəsində müqavilə ilə işə qəbul olunmuşdur.
Keçən il rayon telekommunikasiya qovşağının və poçtamtın yerləşdiyi 1700 kvadratmetrlik dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulmuş, ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Müxtəlif xidmətləri vahid məkanda cəmləşdirən və açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi “Şəbəkə” xidmət mərkəzinin yaradılması əhali üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzdə poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, İMEİL qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər xidmətlər həyata keçirilir.
İl ərzində rayon telekommunikasiya qovşağı tərəfindən 258 abonentə yeni telefon xətti çəkilmiş, Cəlilabad şəhərində, Sərhədabad, Hamarqışlaq, Ləkin, Sabirabad və Ağdaş kəndlərində köhnə kabellər yenisi ilə əvəz edilmişdir. Abunəçilərin sürətli internetlə təmin olunması üçün Ağdaş, Günəşli, Qarazəncir, Alar, Muğan və Əliqasımlı kəndlərində DSLAM avadanlığı quraşdırılmışdır. Bununla da internet abunəçilərinin sayı 4069-a çatdırılmışdır.
Cəlilabad poçt filialı ili mənfəətlə başa vuraraq ümumi taarif gəliri proqnozunu 110,4 faiz, pullu xidmət proqnozunu isə 112,2 faiz yerinə yetirmişdir. Bank-maliyyə xidməti göstərilməsi üçün 14 poçt şöbəsində kompüter avadanlıqları quraşdırılmış və colver sisteminə qoşulmuşdur.Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü 616 ədəd dayaq basdırılmış, 72000 metr naqil dəyişdirilmiş, 2000 ədəd yeni sayğac quraşdırılmış, 900 qüsurlu sayğac yenisi ilə əvəz edilmiş, 1100 sayğac möhürlənmişdir. Eyni zamanda Uzuntəpə kəndində SMART tipli sayğaclar quraşdırılmış, Sabirabad kəndində SİP kabel çəkilmiş, Cəlilabad şəhərində, Privolnoye, Alar, Günəşli, Ocaqlı və Suluçeşmə kəndlərində yeni transformatorlar istehlakçıların istifadəsinə verilmişdir. Həmçinin elektrik enerjisindən qanunsuz istifadə edən 270 abonent barədə cərimə aktı tərtib olunmuşdur ki, bu da 1100000 kilovatsaat itirilmiş enerjinin bərpası deməkdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi haqqının yığımı 89,9 faiz icra olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 14,6 faiz çoxdur.
İl ərzində Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad və Göytəpə şəhərlərində, Uzuntəpə, Kazımabad, Seyidbazar, Uzuntəpə kəndlərində köhnə borular yenisi ilə əvəz edilmişdir. Sentyabr ayında Gülməmmədli kəndində 373 abonentə təbii qaz verilmiş, Xəlilabad kəndinə isə yaxın günlərdə verilməsi nəzərdə tutulmuşdur. Ümumtəhsil məktəblərində təhsil alan 28125 şagirdə müasir üsullarla təlim verilməsi və onların elmi-texniki nailiyyətlərə tam yiyələnməsi üçün 3079 pedaqoji işçi gərgin əmək sərf edir. Bütün bunların nəticəsində keçən il rayon üzrə 449 məzun ali məktəblərə qəbul olmuşdur ki, onun da 12-si 600-dən çox, 51-i isə 500-dən çox bal toplamışdır. Möhtərəm Prezidentimizin tapşırığına əsasən mövcud binaların yararsız vəziyyətdə olduğu nəzərə alınaraq bu il rayonda 12 modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur. Hazırda Abazallı, Mirzəli, Fərzili, Kürdlər və Çinar kəndlərində bu cür məktəblərin tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəb binasının tikintisinə başlanılacaqdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 4 ixtisas üzrə 332 tələbə təhsil alır. 2016-2017-ci tədris ilində filialı bitirən 102 məzunun əksəriyyəti Təhsil Nazirliyinin test sınaqlarından uğurla keçərək işlə təmin edilmişdir. Filialın məzunları ümumtəhsil məktəblərində müəllim çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynamışlar. Cəlilabad tibb kollecində 122 tələbə təhsil alır ki, onlardan da 40-ı 2017-2018-ci tədris ilində qəbul olunmuşdur. Tələbələrə yüksək bilik verilməsi üçün yüksək peşə hazırlıqlı həkimlərin əməyindən səmərəli istifadə olunur. Şübhə yoxdur ki, kollecin məzunları səhiyyə ocaqlarındakı orta tibb işçisi çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayacaqlar.
Cəlilabad peşə liseyində və Cəlilabad peşə məktəbində şagirdlərin peşəyönümü və peşə vərdişlərinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüşdür. Keçən tədris ilində həmin məktəbləri müxtəlif peşələr üzrə bitirən 271 məzunun bir qismi həqiqi hərbi xidmətə yola salınmış, bir qismi isə ixtisasına uyğun işlə təmin edilmişdir. Bu sahədə Cəlilabad peşə liseyinin müsbət iş təcrübəsi xüsusi qeyd edilməlidir. Məhz buna görədir ki, liseyin bazasında BMT-nin İnkişaf Proqramı çərçivəsində Cəlilabad Peşə Tədris və İxtisasartırma Mərkəzinin yaradılması qərarlaşdırılmış və oktyabr ayında təqdimat mərasimi keçirilmişdir. Yaxşı olardı ki, həmin Mərkəzdə aqrar bölmənin elmi əsaslarla inkişaf etdirilməsi üçün kənd təsərrüfatı təyinatlı mütəxəssislərin hazırlanmasına üstünlük verilsin.
Rayonda mövcud olan 5 şəhər və 3 kənd sahə xəstəxanası, 28 həkim tibb və 40 tibb məntəqəsində 176 həkim və 528 orta tibb işçisi çalışır. Əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi üçün səhiyyə obyektləri müasir tibbi avadanlıqlarla təchiz olunmuş, xəstələrin müayinə və müalicəsinə diqqət artırılmışdır. Ölkə başçısının tapşırığına əsasən rayon əhalisinin 92415 nəfəri müayinədən keçirilmişdir ki, onun da 30219 nəfəri uşaqdır. Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilən xəstələr ixtisaslı müalicəyə cəlb olunmuşlar. Il ərzində 26 həkim və 57 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmiş, 17 həkimə isə sertifikat verilmişdir.
Hesabat ilində Masallı regional mədəniyyət və turizm idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyi tərəfindən əlamətdar günlər və bayramlar münasibətilə ümumrayon tədbirləri keçirilmişdir. Gənclərin mənəvi tərbiyəsi, peşə vərdişlərinə yiyələnməsi və istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Mərkəzinin, uşaq incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyasının və digər mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadə edilmişdir.
İlboyu gənclərə və idmana aid tədbirlər davamlı xarakter alaraq gənclərin geniş kütləsini əhatə etmişdir. Ayrı-ayrı idman növləri üzrə keçirilən turnir, çempionat və birinciliklərdə 440 idmançımız iştirak etmiş, 57 qızıl, 77 gümüş və 54 bürünc medal qazanmışlar. Fərəhli haldır ki, Bakı və Tbilisi şəhərlərində keçirilən qaydasız döyüş üzrə dünya çempionatlarında idmançımız Simran Əlizadə qızıl medallara, İslam Həmrəyliyi Oyunlarında isə uşu-sando idman növü üzrə yarışlarda Orxan Hətəmov bürünc medala layiq görülmüşlər.
Rayon icra hakimiyyəti siyasi partiyalar, ictimai təşkilatlar, dini qurumlar və milli azlıqlarla aparılan işi daim diqqət mərkəzində saxlamışdır. Hazırda rayonda 17 siyasi partiyanın rayon təşkilatı, 24 qeyri-hökumət təşkilatı, 102 məscid, 1 xristian və 1 yəhudi icması fəaliyyət göstərir. Məscidlərin 5-i Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində dövlət siyasətinə uyğun olaraq bütün dini icmalara hərtərəfli qayğı göstərilir, dini ayinləri yerinə yetirməsinə əlverişli şərait yaradılır, dini bayramların və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi təmin edilir.
Hesabat ilində vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına xüsusi diqqət yetirilmiş, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə fəaliyyəti təmin edilmişdir. 2017-ci ildə 1090 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. Dövlət orqanları, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 2017-ci ildə 229,4 min manat vəsait köçürülmüşdür.2017-ci ildə rayon icra hakimiyyəti ilə hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində kriminogen vəziyyət ciddi nəzarətdə saxlanılmış, ictimai təhlükəsizlik təmin olunmuş, qanun pozuntularına və cinayətkarlığa qarşı davamlı mübarizə aparılmışdır. İl ərzində 326 cinayət hadisəsi qeydə alınmışdır ki, onların da 273-ü və ya 88,6 faizi açılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 70 cinayət faktı aşkar edilmiş və 34,0 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmışdır. Rayonun 35 bələdiyyəsi 2017-ci ildə də abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmişlər. “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində bir sıra sosial təyinatlı obyektlər tikilmiş, kənddaxili yollar təmir edilmiş, imkansız ailələrə maddi kömək göstərilmişdir. Rayon bələdiyyələri əlaqələndirmə şurası bələdiyyələrin fəaliyyətini düzgün istiqamətləndirmiş, onların mülkiyyətindəki əmlak və torpaqlardan təyinatı üzrə istifadə olunmasına ciddi nəzarət etmişdir.
2017-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına 1084 müraciət daxil olmuşdur ki, onun da 904-ü ərizə, 180-i şikayətdir. Müraciətlərin 627-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, 45-i Milli Məclis, 9-u Nazirlər Kabineti, 150-si respublikanın digər qurumları, 253-ü bilavasitə vətəndaşlar tərəfindən göndərilmişdir.Bildiyiniz kimi, aprelin 11-də növbədənkənar Preziden seçkiləri keçiriləcəkdir. Yeni Azərbaycan Partiyasının VI qurultayinda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Dövlət və bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində seçkinin demokratik, mütəşəkkil və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirləri görməli, xalqın öz iradəsini azad şəkildə ifadə etməsinə şərait yaratmalıdırlar.
Hesabat yığıncağında Milli Məclisin deputatı Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin, yeni yaradılan infrastrukturun təqdirəlayiq olduğunu vurğulayaraq bunların ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin parlaq nümunəsi olduğunu bildirdilər.Tədbirdə rayon maliyyə idarəsinin rəisi Əlinazim Quliyev,rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov,rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyev və Cəlilabad RİHB-nın Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Həsənov hesabat məruzələri ilə çıxış etdilər.
Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.