Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında geniş Şura iclası keçirilmişdir.

13 iyul 2018 | 16:00

13 iyul 2018-ci il tarixdə Cəlilabad  rayon Heydər Əliyev  Mərkəzində 2018-ci ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında geniş Şura iclası keçirilmişdir.Şura iclasında  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etmişlər. Cəlilabad rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov geniş məruzə ilə çıxış etdi və  ötən rüb ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.N.Zeynalov bildirdi ki, 2018-ci ilin birinci yarısında rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən davamlı tədbirlər iqtisadiyyatın möhkəmləndirilməsi, sosialyönümlü layihələrin həyata keçirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üçün stimul olmuşdur.Bu müddət ərzində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmiş, əlverişsiz  hava şəraitinə baxmayaraq iyulun 10-dək 141,9 min ton buğda, 6,4 min ton arpa, 5,5 min ton vələmir, 4,2 min ton noxud, 576 ton mərci, 102,5 min ton kartof və 3,9 ton tərəvəz istehsal olunmuşdur. Hazırda məhsul yığımı davam etdirilir. Üzümçülər isə 1331 hektar sahədə yetişdirdikləri bol və keyfiyyətli məhsulu bazara çıxarmağa hazırlaşırlar.Ölkə başçısının tapşırığına əsasən pambıq əkilməsindən ötrü 505 hektar torpaq müəyyənləşdirilmiş, əkin vaxtında aparılmış və sahələrin suvarılması üçün zəruri işlər görülmüşdür. Həyata keçirilən tədbirlər bu il tarlalardan  daha çox ağ qızıl toplanacağına zəmanət verir.Barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilmişdir. Cari ildə kümçülər tərəfindən 1172 kiloqram yaş barama istehsal edilmiş və “Şəki-İpək” ASC-yə təhvil verilmişdir.Rayonda əkinçiliyin strukturunda aparılan dəyişikliklər hesabına  rayona daha çox su limiti ayrılmış, 26,9 min hektar əkin sahəsi suvarılmışdır. Su ötürücülüyünü artırmaq üçün 186 kubmetr kanal lildən təmizlənmişdir. Əkin suyuna olan tələbatı ödəmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən bu il rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmışdır.Gələn il daha 30 subartezian quyusunun qazılmasından ötrü müvafiq qurumlara rəsmi müraciət etmişik.Məhsuldarlığın artırılmasında gübrələrin mühüm rol oynadığını nəzərə alaraq “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən  fermerlərə 70 faiz güzəştlə 4,2 min ton gübrə və 14,2 min litr herbisid  satılmışdır.Heyvandarlığın inkişafına göstərilən qayğı nəticəsində rayon üzrə  qaramalın sayı 99121, davarların sayı isə 122978, quşların sayı isə 879277 başa çatdırılmışdır. Heyvandarlar yarım ildə 8,2 min ton ət, 38,1 min ton süd və 11,3 milyon ədəd yumurta istehsal etmişlər. Həmçinin lizinq yolu ilə  xaricdən  629 baş cins düyə gətirilmiş, 2051 baş heyvan süni mayalandırılmış və 1213 baş sağlam buzov alınmışdır.Günəşli” aqroparkının fəaliyyətinin genişləndirilməsi davam etdirilmiş, ilkin mərhələdə “Aqrolizinq” ASC-nin xəttilə xaricdən 460 baş cins inək gətirilmiş, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılmışdır. Hazırda isə yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisi davam etdirilir. Aqroparkda peyinqurutma və paketləmə işlərini həyata keçirmək üçün hər birinin gündəlik istehsal gücü 50 ton olan  2  avadanlıq  quraşdırılmışdır.Ötən müddət ərzində tikinti-quruculuq və yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilmişdir. Belə ki, Cəlilabad şəhərində təmir olunması nəzərdə tutulan çoxmənzilli binaların 11-nin dam örtüyü dəyişdirilmiş, Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qudrət İsmayılov və Nizami küçələrinə asfalt vurulmuşdur. Hazırda  9,4 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, Cavadxan, Xətai və Məlik Quliyev küçələrində yenidənqurma işləri davam etdirilir, köhnə tikililər sökülür, yeni işıqlandırma sistemi qurulur, piyada səkiləri salınır. Həmçinin Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilir, Heydər Əliyev seyrəngahı,  2 və 5 saylı körpələr evi-uşaq bağçaları isə  əsaslı təmir olunur. Tikintisi başa çatmaqda olan 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu da cari ilin mühüm layihələrindəndir.Birinci yarımildə İDEA layihəsi çərçivəsində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə rayonun landşaftına uyğun olan  22300 ədəd bəzək ağacı və gül kolları əkilmişdir.Aqrar bölmənin inkişafı və tikinti-abadlıq işlərinin genişləndirilməsi əhalinin məşğulluğuna da müsbət təsir göstərmişdir. Kartof, çiyələk, noxud, mərci, sarımsaq və digər bitkiçilik məhsullarının becərilməsinə təkcə rayonumuzun deyil, qonşu rayonların da əmək qabiliyyətli sakinləri cəlb edilirlər. İndi tikinti meydançasını xatırladan Cəlilabad şəhərində  yüzlərlə işçinin inşaat işlərində çalışdığını görmək olar. Bundan başqa, yarım il ərzində 716 nəfər daimi işlə təmin olunmuşdur. Həmçinin 207 nəfər qaz istismarı sahəsində, 575 nəfər Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələri kombinatında, 22 nəfər mənzil istismarı sahəsində, 32 nəfər ekologiya sahəsində, 12 nəfər elektrik şəbəkəsində, 14 nəfər yol istismarı idarəsində, 3 nəfər su-kanal idarəsində, 14 nəfər suvarma sistenləri idarəsində, 155 nəfər isə “Cənub-2000” MMC-də ictimai işlərə cəlb edilmişdir.Birinci yarımildə fənn olimpiadalarının rayon mərhələsində IX-XI sinif şagirdlərindən 482-si iştirak etmiş və onların 47-si zona mərhələsində, 3-ü respublıika mərhələsində, 1-i isə Portuqaliyada keçiriləcək Beynəlxalq Olimpiadada iştirak etmək hüququ qazanmışdır. Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mİrzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşası başa çatdırılmışdır. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli kəndində 60, Qarağac və Lallar  kəndlərinin hər birində 20, Ağusəm, Hacıcavad və Ətcələr kəndlərinin hər birində 80, Ləzran kəndində 40, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərinin hər birində 96 şagird yerlik 10 modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur.Şura iclasında Komanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lətifə heydərova,Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin rəisi Mirhəsən Həsənov və Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

 

 

 

 

 

 

 

 

 

Keçidlər