Rafiq Cəlilov rayon ərazisindəki tarixi abidələrlə tanış olmuşdur
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun araşdırmaçı tarixçiləri Elşad Əmənov, Rza Rzayev və Ələsgər Mirzəzadə ilə birlikdə erkən orta əsrlərə aid səngər-qala olmuş “Qazan köşkünü”, orta əsr “Aqqaş” abidələrini, Türkelli kəndindəki “Sufi Xanəgah” türbəsini və tunc dövrünə aid “Xudutəpə” abidəsini ziyarət etmişdir. “Qazan köşkü” Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidədir. Abidə stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə abidənin XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir. Bəzi mənbələr “Qazan köşkü” nün VII-IX əsrə aid olduğunu sübut edir. “Aqqaş” abidələrinin tarixi müxtəlif dövrlərə gedib çıxır, orada olan yerüstü abidələri antik və orta əsr abidələri saymaq olar. Türkelli kəndindəki “Sufi Xanəgah” türbəsi şeyx və müridlərin türbəsi sayılır. Ərazidə keçən əsrin 30-cu illərində sovet rejmi tərəfindən dağıdılmış türbə, həmçinin qədim daş abidə və daş kitabələr vardır. Çəmənli kəndi ərazisindəki “Xudutəpə” abidəsi tunc dövrünə aiddir. 2021-ci ilin sentyabr ayında AMEA-nın əməkdaşları tərəfindən abidədə arxeoloji qazıntı işləri aparılmış, Azərbaycan tarixi üçün vacib tarixi nümunələr və elmi kəşflər əldə edilmişdir. Cəlilabad rayonunda dövlət tərəfindən rəsmi qeydə alınmış 53 tarixi abidə olmasına baxmayaraq, yerli tarixçilər tərəfindən 100 yaxın abidə qeydə alınmışdır. Abidələrin 2-si dünya, digərləri isə respublika və yerli əhəmiyyətli abidələrdir.