AVROPA İTTİFAQI LƏNKƏRAN-ASTARA İQTİSADİ RAYONUNUN CƏLİLABAD BÖLGƏSİNDƏ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB
Fevralın 22-də Cəlilabad Rayon İcra Hakimiyyətində “Avropa İttifaqının Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi Proqramı”nın həyata keçirilməsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Lənkəran bölməsinin əməkdaşları, Avropa İttifaqı Azərbaycan nümayəndəliyinin bağçılıq üzrə eksperti Masum Burak iştirak ediblər.
Görüş zamanı Avropa İttifaqının ölkəmizdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi layihəsinin əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, Avropa İttifaqının Azərbaycana dəstəyi ölkədə vətəndaşların maddi rifahının yaxşılaşdırılmasına yönəlib. Əsas məqsəd Lənkəran-Astara iqtisadi rayonunun subyektlərində Avropa İttifaqı standartlarına uyğun planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini təşkil etmək, müxtəlif məhsulların istehsalı sahəsində sahibkarlıq və investisiya şəraitini yaxşılaşdırılmaq, biznes və investisiya mühitini davamlı olaraq inkişaf etdirmək və rəqabət qabiliyyətini artırmaqdır.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, son vaxtlar Cəlilabadda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi sahələrində işlər görülməkdədir. Cəlilabad rayonu ixracyönlü kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək potensiala malikdir. Avropa İttifaqının bu proqramı rayonun sosial-iqtisadi sektorunda fermer birliklərinin yaradılması, maddi-texniki bazanın təkmilləşdiriməsi, qabaqcıl metodların və təcrübələrin həyata keçirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə rayonda yeni üzüm şirəsi istehsalı texnoloji xəttinin qurulması və çiyələk məhsulu emalı sexinin quraşdırılması layhələri təklif olunmuşdur.
Elmtutumlu resurslardan istifadə etməklə məhsuldarlığı artırmaq, itkiləri mimimallaşdırmaq, qida sənayesi istiqamətlərini perspektivləşdirmək, məşğulluğu artırmaq, kənd təsərrüfatı fəaliyyətlərinin davamlılığına nail olmaq, ixrac potensialını artırmaq və sonda əhalinin maddi rifahının yaxşılaşdırılmasına nail olunacaqdır.