Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda taxılçılıqda mövcud durum və yazlıq əkinlərə hazırlıqla bağlı fermerlərlə görüş keçirildi.

17 mart 2022 | 16:00

17 mart 2022-ci il tarixdə  Cəlilabad rayon Heydər Əliyev Mərkəzində taxılçılıqda mövcud durum və yazlıq əkinlərə hazırlıqla bağlı fermerlərlə görüş keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, kənd ərazi icra nümayəndələri,  bələdiyyə sədrləri və fermerlər iştirak etdi.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov çıxış edərək rayonda kənd təsərrüfatındakı mövcud durum və yazlıq əkinlərə hazırlığın vəziyyəti ilə bağlı görülən işlərə toxunub.

Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur.Nazirlik rəsmisi qeyd edib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq. Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur.

Görüş zamanı yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ildən pambığa görə yalnız məhsul subsidiyası veriləcək. Məhsul subsidiyası isə hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Əlavə olaraq şirkətlər pambığın fermerdən alış qiymətinin hər sorta görə 50 manat artırıblar. Məhsul subsidiyası almaq üçün fermerlərdən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunmur. Lakin fermerlər pambığı hansı kateqriya torpaqda əkməsindən asılı olmayaraq öz əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər. Öz pambıq sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşmayacaq.Fermerlər subsidiyaların ilin əvvəlində verilməsindən razılıq edib, dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərclədiklərini bildiriblər. Görüşlərdə fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Eyni zamanda başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, kənd ərazi nümayəndləri və fermerlər çıxış zamanı əkin sahəsinə görə verilən subsidiyalar və güzəştli gübrələrlə bağlı bəzi problemlər barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisinə məlumat verdilər və problemlərin həlli istiqamətində fikirlərini bildirdilər.

 

 

 

Keçidlər