Cəlilabadda yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov, Cəlilabad Rayon Dövlət Yanğından mühafizə hissəsinin əməkdaşı Müşfiq Mustafayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Talıb Kərimov, Masallı Regional Meşəçilik Mərkəzinin direktor müavini Rahib Ağayev, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Mübariz Nadirov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, Lənkəran-Astara Regional Təhsil sektorunun müdiri İlkin Zeynalov, Aqrar Sığortanın Cənub Regional fondunun rəhbəri Rafət Əsgərov, kənd(şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri, məktəb direktorları, Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələr kombinatının direktorları, mexanizatorlar və fermerlər iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev rayon ərazisində yerləşən şəhər və kənd yaşayış məntəqələrində yanğına qarşı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlərin aparıldığını və yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcudluğunu vurğulamışdır. O, çıxışında xüsusilə tikililərarası yanğına qarşı ara məsafələrinə riayət olunmaması, elektrik kabel və naqillərinin çəkilişi qaydalarının pozulması, tövlələrin çardaq hissəsində otun açıq və ya kipləşdirilmiş şəkildə yığılması, həyətyanı sahələrdə məişət və sair tullantı materiallarının nəzarətsiz yandırılması, taxıl sahələrində biçindən əvvəl və ya sonra bilərək və yaxud ehtiyatsızlıqdan yanğın hadisələrinin baş verdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Qalib Xudaverdiyev çıxışının sonunda 2024-cü ildə rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyinin yerli qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”nin əlaqələndirilməsinin vacibliyini bildirərək qurumların rəhbərlərinə bu sahədə daha da diqqətli olmağa çağıraraq tapşırıqlarını vermişdir.
Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov dənli və texniki bitkilərin yığılması, daşınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması, yanğın hadisələrinin baş verməməsi üçün nəzarət tədbirləri həyata keçirilməli olduğunu, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin keçirilməsini, eyni zamanda biçində iştirak edən texnikaların istismar vəziyyətinin kafi olmaması, ərazidə yerləşən təbii su mənbələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşıb su götürməsi üçün şəraitin yaradılmaması kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması halları yanğınların qısa müddət ərzində geniş sahəyə yayılmasına səbəb olduğunu vurğulamışdır.
Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov öz çıxışında dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilməli olduğunu qeyd etmişdir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalı, taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməli olduğunu bildirmişdir.
Cəlilabad Rayon Dövlət Yanğından mühafizə hissəsinin əməkdaşı Müşfiq Mustafayev kütləvi insan toplaşan obyektlərdə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, istifadə müddəti keçmiş odsöndürən balonların tərkib hissəsinin dəyişdirilməsi, avtomatik yanğın xəbərverici qurğuların qurulması, eləcə də mövcud qurğulara mütəmadi olaraq texniki xidmətin göstərilməsi, mövcud yanğın su hovuzlarının texniki cəhətdən saz və su ilə dolu saxlanılması, elektrik naqillərinin yanğınsöndürən maşınlara maneəsinin aradan qaldırılması və təxliyə yolunun daim açıq vəziyyətdə saxlanımasının vacibliyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Talıb Kərimov müşavirə iştirakçılarına xatırlatma olaraq bildirdi ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də əkin sahələri ilə bərabər meşələrin də yanğından qorunmasının vacibliyini vurğulayaraq inzibati ərazi dairəsi üzrə nümyəndələrin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin bu işdə də diqqətli olmalı olduqlarını və hadisələrə operativ cavab verilməsində birgə fəaliyyət göstərmələrini tövsiyə etmişdir.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Mübariz Nadirov öz çıxışında yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Mübariz Nadirov xüsusi olaraq qeyd edərək bildirmişdir ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır.
Lənkəran-Astara Regional Təhsil sektorunun müdiri İlkin Zeynalov çıxışı zamanı məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici görüşlərin keçirildiyini, görüşlər zamanı məktəblərin yanğın hadisələrinin qarşısının alınmasında istifadə olunan avadanlıqların yoxlanılması və su anbarlarının suyla doldurulmasına xüsusilə diqqət ayrıldığını bildirmişdir. İlkin Zeynalov hal-hazırda rayon ərazisində olan məktəblərin hər birində yanğınsöndürmə balonlarının mövcud olduğunu və 91 məktəbdə su anbarlarının doldurulduğunu bildirmişdir. Çıxışının sonunda İlkin Zeynalov məktəb direktorlarına yanğın təhlükəsizliyi ilə bağlı yenidən məktəblərdə mövcud olan avadanlıqların işləkliyinin yoxlanılmasını və su anbarlarının doluluğunun nəzərdən keçirilməsini tapşırmışdır.
Aqrar Sığortanın Cənub Regional fondunun rəhbəri Rafət Əsgərov öz çıxışında Aqrar Sığorta Fondu olaraq taxıl sahələrində baş vermiş yanğın hadisələrinin dövlət tərəfindən sığortalandığını, hər bir fermerin onlara müraciəti əsasında yanğın baş vermiş sahəyə mütəxəssislər tərəfindən baxış keçirildiyini və qanunamüvafiq qaydada qərar qəbul edilərək sahəyə dəymiş ziyan tam olaraq fermerə ödənildiyini bildirmişdir.
Müşavirənin sonunda taxıl və ot yığımı ərəfəsində bütün kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin yağınsöndürmə vasitələri ilə təmin edilməsi və məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməsi, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılması, bir daha məktəblərdə, əhali arasında maarifləndirici tədbirlərin keçirilməsi barədə aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir.
Mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.