Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirilmişdir.

17 aprel 2018 | 16:00

   17 aprel 2018-ci il tarixdə Cəlilabad  rayon Heydər Əliyev  Mərkəzində 2018-ci ilin  birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Hesabat iclasında  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etmişlər.Yığıncaqda  Cəlilabad rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov geniş məruzə ilə çıxış etdi və  ötən rüb ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.

    Namiq Zeynalov çıxışında bildirmişdir ki, ölkənin hər tərəfində olduğu kimi, rayonumuzun əhalisi də aprelin 11-də keçirilən prezident seçkilərinin xoş təəssüratı altındadır. Seçicilərimiz bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirmiş, dövlət başçısına olan sevgi, inam və etimadlarını bir daha sübuta yetirmişlər. Belə ki, rayon üzrə  99966 seçicidən 75862-si və ya 75,89 faizi seçkilərə qatılmış, onların 63357-si və ya 83,52 faizi cənab İlham Əliyevə səs vermişlər. Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkələrin nümayəndələri seçkilərin yüksək mütəşəkkilliklə, demokratik və şəffaf keçdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini etiraf etmişlər.Namiq Zeynalov rayonumuzun bütün ictimaiyyəti adından dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi  ürəkdən təbrik edərək, Zati-alilərinə uzun ömür, möhkəm cansağlığı və müstəqil Azərbaycanın tərəqqisi naminə yeni-yeni uğurlar arzulamışdır !

    Sonra rayonda 2018-ci ilin birinci rübündə bütün sahələr üzrə aparılan işlər və həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdıran N.Zeynalov bildirdi ki, 2018-ci ilin birinci rübü Cəlilabad rayonu üçün də uğurlu olmuş,  ölkənin  makroiqtisadi göstəricilərində rayonun  xüsusi çəkisi  artmışdır. Bunu sənaye və kənd təsərrüfatı sahəsində qazanılan nailiyyətlər bir daha sübut edir. İqtisadiyyatın əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi və ənənəvi sahələrin yenidən bərpa olunması üçün davamlı iş aparılmış, bitkiçilikdə və heyvandarlıqda intensiv metodların tətbiqinə xüsusi önəm verilmişdir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq rayon üzrə 10058 hektar sahədə yazlıq əkin aparılmışdır ki, onun da 5000 hektarını kartof, 9350 hektarını noxud, 152 hektarını tərəvəz, 143 hektar şəkər çuğunduru, 480 hektarını mərci, 230 hektarını lərgə, 20 hektarını günəbaxan, 148 hektarını yonca, 250 hektarını sarımsaq təşkil edir. Hazırda 54900 hektar taxıl zəmilərinə, 1331 hektar üzüm bağlarına və 420 hektar çiyələk sahələrinə aqrotexniki qaydada qulluq edilir, xəstəliklərə, zərərvericilərə və alaq otlarına  qarşı ardıcıl mübarizə aparılır. Bütün bunlar cari ildə daha çox məhsul götürüləcəyinə zəmanət verir.  Pambıqçılığın inkişaf etdirilməsi üçün 505 hektar sahə  şumlanmış, toxum tədarük edilmiş və suvarma kanalları çəkilmişdir. İndiyədək 65 hektarda pambıq əkilmişdir. Həmçinin barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilmişdir. Bütün bu məsələlər 2018-ci il aprelin 4-də keçirilən ümumrayon müşavirəsində geniş müzakirə olunmuş, mövcud problemlər hərtərəfli təhlil edilmiş, pambıqçılığın və baramaçılığın inkişafına dair sahibkarlar tərəfindən səmərəli təkliflər irəli sürülmüşdür. Rüb ərzində ”Günəşli” aqroparkında 500 baş südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası, talvarlar və yardımçı binalar tikilmişdir. Gələcəkdə 2500 baş ətlik istiqamətli heyvanların saxlanılması və mal-qaranın ümumi sayının 3000 başa çatdırılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə “Aqrolizinq” ASC-nin xəttilə xaricdən 460 baş cins inək gətirilmiş, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılmışdır. Hazırda isə yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisi davam etdirilir. Aqroparkda  100 hektar  yonca, 320 hektar buğda, 820 hektar   arpa, 110 hektar şəkər çuğunduru və 17 hektar noxud əkilmiş, 150 hektar qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur. Aqroparkın 1200 hektar əkin sahəsində pivot suvarma sistemi, peyinqurutma və paketləmə işləri həyata keçirmək üçün hər birinin gündəlik istehsal gücü 50 ton olan 2 avadanlıq  quraşdırılmışdır. Son vaxtlar rayon ərazisində fəaliyyətə başlayan müəssisələrdən biri də “Qreen Field-KT” MMC-dir. Müəssisənin istifadəsində olan 151 hektar torpaq sahəsinin 20 hektarında noxud əkilmiş, 131 hektarı qarğıdalı əkini üçün hazırlanmış və onların suvarılması üçün pivot suvarma sistemi quraşdırılmışdır.Əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasında suvarma  suyunun xüsusi əhəmiyyəti nəzərə alınaraq  birinci rübdə 114 kubmetr kanal lildən təmizlənmiş, mövcud hidrotexniki qurğular və su nasosları əsaslı təmir olunmuş, 6780 hektar əkin sahəsi suvarılmışdır.  Əkin suyuna olan tələbatı ödəmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il  12 mart tarixli Sərəncamına əsasən bu il rayonumuzda 20, o cümlədən Üçtəpə kəndində 5, Qarazəncir kəndində 4, Cəfərxanlı, Privolnoye və Uzuntəpə kəndlərinin hər birində 2, Cəlilabad şəhərinin, Təzəkənd, Alar, Bədirli və Moranlı kəndlərinin hər birində 1 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən birinci rübdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 1723 ton  gübrə və 10500 litr herbisid satılmışdır.Heyvandarlığın inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlər  nəticəsində  qaramalın sayı 99326 başa, davarların sayı 123012 başa, quşların sayı 879275 başa çatdırılmışdır. Rüb ərzində 4,2 min ton ət, 10,5 min ton süd və 2,3 milyon ədəd yumurta istehsal edilmişdir. Lizinq yolu ilə rayona xaricdən 574 baş cins qaramal gətirilmiş, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün 1172 baş inək süni mayalandırılmışdır. Əhalinin quş ətinə təlabatının ödənilməsi məqsədilə “Cəlilabad-broyler” ASC tərəfindən 1193,2 ton yüksək keyfiyyətli məhsul istehsal olunmuçdur.Rüb ərzində tikinti-quruculuq və yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilmişdir. Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin  yenidən qurulması ilə əlaqədar   238 min metr yeni su xətti çəkilmiş, 25 su bağlantısı, 16 kanalizasiya birləşməsi və 400 su sayğacı quraşdırılmışdır. Cari ildə Cəlilabad şəhərində  təmir olunması nəzərdə tutulan 34 çoxmənzilli binanın 11-nin  dam örtüyü dəyişdirilmiş və digər işlər başa çatdırılmışdır.  Hər birinin uzunluğu 4 kilometr olan Cavadxan küçəsinə çınqıl döşənmiş, Mehdi Hüseyn küçəsinin yarıdan çoxu isə asfaltlaşdırılmışdır. Yaxın günlərdə digər küçələrə də  asfalt döşənəcəkdir. Hazırda tikintisi davam etdirilən 35 kilometrlik Maşlıq - Muğan -  Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş - Soyuqbulaq avtomobil yolu da cari ilin mühüm layihələrindəndir.  Birinci rübdə rayon büdcəsinə 1 milyon 468 min 952 manat vəsait daxil olmuş, funksional bölmələr üzrə 2 milyon 175 min 365 manat vəsait xərclənmişdir. Büdcənin yerli gəlirləri 101,8 faiz icra edilmişdir. DSMF rayon şöbəsi tərəfindən isə pensiyaçılara 13,9 milyon manat, işləyən sığortaolunanlara isə  160,1 min manat vəsait ödənilmişdir.Ötən dövrdə rayonun fasiləsiz elektirik enerjisi ilə təmin edilməsi üçün 25 transformator təmir edilmiş, 107 dayaq dəyişdirilmiş, 300 sayğac quraşdırılmışdır. Həmçinin Göytəpə şəhərində 135 abonentə SİP tipli kabel, tikilməkdə olan modul tipli 5 məktəbə elektrik xətti çəkilmişdir. Hazırda Cəlilabad şəhərində 110 kv-luq yeni yarımstansiyanın tikintisi davam etdirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rüb üzrə enerji haqlarının yığımı 80,8 faiz icra olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çoxdur.Ölkə başçısının tapşırığına əsasən son illər rayon üzrə 45360 ev təsərrüfatının 29186-sı və ya 65,0 faizi qazlaşdırılmışdır. Hazırda 49 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Bu günlərdə 681 abonenti olan Xəlilabad kəndinə ilk dəfə təbii qazın verilməsi əhali tərəfindən böyük razılıq hissilə qarşılanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən bu il Cəlayir kəndinin də qazlaşdırılması plana salınmışdır. Rüb ərzində 72 nəfər telefon, 207 nəfər isə internet xəttinə qoşulmuş, Kövüzbulaq, Uzuntəpə, Üçtəpə, Günəşli, Şatırlı və Təzəkənd kəndlərində yeni avadanlıqlar quraşdırılmışdır. Hazırda 7889 nəfər telefondan, 4279 nəfər isə internetdən istifadə edir.Ümumtəhsil məktəblərində intizam möhkəmləndirilmiş, şagirdlərin dərsə davamiyyəti yaxşılaşdırılmışdır. Fənn olimpiadalarının rayon mərhələsində IX-XI sinif şagirdlərindən 482-si iştirak etmiş və onların 47-si zona mərhələsinə vəsiqə qazanmışlar. Martın 3-də Lənkəran və Biləsuvar şəhərlərində keçirilən fənn olimpiadalarında 3 şagird qaliblər sırasına çıxaraq xüsusi diplomla təltif edilmişlər. Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mİrzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşası başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən cari ildə Türkelli kəndində 60, Qarağac və Lallar  kəndlərinin hər birində 20, Ağusəm, Hacıcavad və Ətcələr kəndlərinin hər birində 80, Ləzran kəndində 40, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərinin hər birində 96 şagird yerlik 10 modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığına əsasən fevralın 10-dan vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilir və bu aksiya mayın 15-dək davam edəcək. İndiyə qədər 77545 nəfər müayinədən keçirilmişdir ki, onların da 75315-i sağlam hesab edilmişdir. Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilən vətəndaşların bir qismi rayonda, digər qismi isə Bakı şəhərində ixtisaslı müalicəyə cəlb olunmuşlar.Rayon gənclər və idman idarəsi  rüb ərzində keçirdiyi  34 tədbir  gənclərin hərbi-vətənpərvərlik və fiziki tərbiyəsində mühüm rol oynamışdır. Eyni zamanda ağır atletika, sərbəst güləş, yunan-Roma güləşi, boks, basketbol və taekvando üzrə rayon və respublika birinciliklərində 594 idmançı iştirak etmişdir. Həmin yarışlarda idmançılarımızdan 3-ü I, 2-si II, 4-ü isə III yerə layiq görülmüşdür.Rayon icra hakimiyyəti birinci rübdə də vətəndaşların müraciətlərinə baxılmasını diqqət mərkəzində saxlamışdır.Bu müddət ərzində aparata  421 müraciət daxil olmuşdur ki, onun da 315-i ərizə, 106-sı şikayətdir. Aparatda keçirilən qəbullarda 347, yerlərdə keçirilən səyyar qəbullarda isə 50 nəfər qəbul edilmişdir.Hesabat iclasında Cəlilabad rayon su kanal idarəsinin rəisi Zaur Məmmədov, Cəlilabad rayon baytarlıq idarəsinin rəisi Vidadi Əliyev və “Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Mehman Mehdiyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Keçidlər