Cəlilabadda 9 may -Qələbə günü təntənə ilə qeyd edildi
9 May 2018-ci il tarixdə Cəlilabad rayonunda II Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü qeyd edildi. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakmiyyətinin başçısı Namiq Zeynalov, icra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdilər və “Xatirə” parkında Ana abidəsinin önünə gül dəstələri qoydular. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müharibə veteranları ilə səmimi görüşdü, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi və onlara can sağlığı arzuladı.Namiq Zeynalov bildirmişdir ki,73 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər.Namiq Zeynalov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu, Azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verdi. Respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdi.Daha sonra RİH başçısı Namiq Zeynalov ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Tədbirdə müharibə veteranlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim olunmuş və onlara bayram süfrəsi açılmışdır. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.