Cəlilabadda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
25 may 2018-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atıb. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir. Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli sərəncamı və dövlət başçısının 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.Mövzu ətrafında çıxış edənlər cümhuriyyətin Azərbaycan tarixində açdığı ilk səhifədən həmin cümhuriyyətin varisi olan müstəqil Azərbaycanımızın hal hazırda keçdiyi inkişaf yolundan danışmışlar.Tədbir axşam saatlarında bayram konserti ilə davam etmişdir.