Cəlilabadda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müzakirələr aparılıb
İyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müzakirələr aparılıb. Müzakirələr Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar təşkil olunub.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin, “Aqrolizinq” ASC-nin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, Aqrar Elm, İnformasiya və Məsləhət Mərkəzinin əməkdaşları, pambıq şirkətlərinin nümayəndələri, rayonda pambıqçılıqla məşğul olan fermerlər, ərazi icra nümayəndələri və bələdiyyələrin sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov müşavirədə çıxış edərək Cəlilabadda pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 2017-ci ildə rayon ərazisində 500 hektar pambıq əkilib, sahələrdən 1000 ton məhsul yığılıb. Bu il isə əkin sahələri 505 hektara çatdırılıb.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.
Seyfəddin Talıbov pambığın becərilməsində torpaqların düzgün seçilməsinin əhəmiyyətindən danışaraq, bu amilin məhsuldarlıqda önəmli rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramında qarşıya mühüm hədəflər qoyulub və onlardan biri də 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırmaqdır. Ölkəmizdə kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahədə yüksək göstəricilər qazanmaq üçün geniş imkanları açır.
Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov çıxışında Çində istehsal olunan rəngli pambıq toxumunun ölkə ərazisində də əkilməsinin nəzərdə tutulduğunu qeyd edərək bildirib ki, bunun üçün artıq Tərtər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində kiçik bir sahədə sınaq xarakterli rəngli pambıq toxumu əkilib. Əgər əldə olunacaq nəticə müsbət olarsa, daha geniş sahədə əkiləcək. Cəlilabad rayonu pambıqçılığın inkişafı üçün əlverişli olduğundan rəngli pambıq toxumunun burada da əkilməsi planlaşdırılır.
Müşavirədə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Texniki və gübrə ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” mövzuları üzrə çıxış ediblər.
Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb. Pambıq sahələrində kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair fermerlərə müvafiq tövsiyələr verilib, məhsul istehsalçılarının təklifləri dinlənilib.
Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Sabirabad kəndində pambıq əkini sahələri ilə tanış olublar.