Cənub regionu üzrə peşə təhsili və təlimi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması layihəsinə start verilib
Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi çərçivəsində iyunun 6-da Cəlilabadda Cənub regionu üzrə peşə təhsili və təlimi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan fəaliyyətlərə start verilib.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Layihənin açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti biliyə əsaslanan iqtisadiyyatın inkişafında yerli insan resurslarının əhəmiyyətini xüsusilə vurğulayıb. O, həmçinin bildirib ki, “peşə təhsilinin inkişaf etdirilməsi üçün qlobal trendlərə nəzər salmaq və dünya praktikasına istinad etmək lazımdır, bununla bərabər əmək bazarının tələblərinə cavab verən metodik vəsaitlər və yeni kurikulumlar hazırlamaqla cəmiyyətdə məşğulluq imkanlarının genişləndirilməsinə nail olmaq mümkündür”.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bu vacib sahəsində aparılan müsbət dəyişikliklərin, yeni peşə təhsil mərkəzlərinin yaradılmasının ölkənin davamlı inkişafının təmin edilməsinə xidmət etdiyini bildirib. RİH başçısı Cəlilabad Peşə Liseyini kənd təsərrüfatı və istehsalat sektorları peşələri üzrə ixtisaslaşan Lənkəran İqtisadi Rayonu üzrə müasir Regional Model Peşə Təhsili Mərkəzinə çevirilməsini ölkəmizdə peşə təhsili sahəsində əhəmiyyətli lahiyə kimi dəyərləndirmiş və Regional Model Peşə Təhsili Mərkəzinin yaradılması yerli əmək bazarının tələblərinə müvafiq olaraq dövlət və özəl sektor arasında tərəfdaşlığın əhəmiyyətini gücləndirəcək və təhsillə məşğulluq arasında körpünün yaradılmasına xidmət edəcəyini vurğulamışdır.
"Cəlilabad Peşə Liseyini kənd təsərrüfatı və istehsalat sahələri üzrə ixtisaslaşan müasir Regional Model Peşə Təhsili Mərkəzinə çevirməkdə müvəffəq olmaq üçün hamımız birlikdə çalışmalıyıq", - deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas layihənin açılış mərasimində çıxış edərək bildirib. Səfir Yankauskas inkişaf naminə tərəfdaşlığın əhəmiyyətinə toxunaraq onu da vurğulayıb ki, yalnız güclü əməkdaşlıq vasitəsilə mövcud potensialı daha da genişləndirmək, bacarıqları inkişaf etdirmək və əlavə sinerji imkanları yaratmaq mümkündür".Sonda tədbir iştirakçıları Cəlilabad Peşə Liseyində olmuş,orada yaradılmış şəraitlə tanış olmuşlar.