Cəlilabad rayonunda meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması məqsədilə rayon ictimaiyyəti ilə görüş keçirilmişdir.
Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təşkil edilib.12 iyun 2018-ci il tarixində keçirilən görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ,Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd icra nümayəndələri,bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov görüşdə meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması haqqında çıxış etmişdir.
Tədbirdə çıxış edən ,Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bildirmişdir ki, ətraf mühitin qorunmasında, o cümlədən meşələrin mühafizəsində ETSN-nin birmənalı mövqeyi bütün qanun pozuntularının qarşısının alınmasından ibarətdir. Nazirliyin hədəfi ekologiyaya aid bütün sahələrdə qanunvericiliyin tələblərinə riayət olunmasına, xüsusilə meşələrin qeyri-qanuni yollarla kəsilməsinin birdəfəlik aradan qaldırılmasına nail olmaq, bu işdə ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakını və güclü nəzarətini təmin etməkdir.
ETSN-in səlahiyyətli şəxsləri və rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən meşələrin mühafizə olunmasının vacibliyi xüsusi olaraq vurğulanıb, hərtərəfli nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.