Cəlilabadda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib
Cəlilabad rayonununda «Bilik günü» yeni məktəb açılışları ilə qeyd edildi. Azərbaycanın hər bir guşəsində böyük bayram sevinci və yüksək əhval-ruhiyyə ilə qeyd edilən «Bilik günü» münasibətilə Cəlilabad rayonunda da ənənəvi tədbirlər keçirilib. Rayonun 56 şagird yerlik Fərzili kənd ümumi orta, 80 şagird yerlik Çinar kənd ümumi orta və 96 şagird yerlik Kürdlər kənd tam orta məktəblərinin modul tipli yeni binalarının açılışı oldu. Modul tipli binalar yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Açılış mərasiminlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Təhsil şöbəsinin müdir əvəzi Hafis Cavadov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Məhz bu gündə təhsil sahəsinin möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri olduğunu qeyd etmişdir.Namiq Zeynalov vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi Cəlilabad rayonunda da təhsil son illər yüksələn xətt üzrə inkişaf edir və hər il əldə etdiyi uğurlarla diqqəti cəlb edir. Rayonumuzda yeni istifadəyə verilən və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdəndir.RİH başçısı bildirdi ki, 1980-2003-cü illəri əhatə edən 23 il ərzində rayonda cəmi 8 məktəb inşa olunmuşdusa, 2004-cü ildən sonrakı illərdə 30-dan çox məktəb tikilib istifadəyə verilmişdir.Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mİrzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşası başa çatdırılmış,Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə daha 10 modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur. Nəticədə, qəzalı binalarda yerləşən məktəblər 2003-cü ildəki 31,7 faizdən 7,9 faizə enmişdir.Namiq Zeynalov yeni məktəb binalarının istifadəyə verilməsi və «Bilik günü» münasibətilə şagird və müəllimləri təbrik edərək xoş arzularını çatdırmışdır.Çıxışında yeni modul tipli məktəblər haqqında məlumat verən Təhsil Şöbəsinin müdir əvəzi Hafis Cavadov deyib ki, bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, ən əsası isə sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.Hafis Cavadov yeni məktəb binaların istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.Sonda çıxış edən müəllimlər və şagirdlərin valideynləri kənd məktəblərində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.