Cəlilabad rayonunun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında geniş Şura iclası keçirilmişdir.
16 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında geniş Şura iclası keçirilmişdir.Şura iclasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Cəlilabad rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov geniş məruzə ilə çıxış etdi və doqquz ay ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.RİH başçısı bildirdi ki,ötən müddət Cəlilabad rayonu üçün də uğurlu və əlamətdar olmuşdur. Aqrar bölmənin əsasını təşkil edən taxılçılıqda yüksək məhsuldarlığa nail olunmuş, zəmilər qısa müddətdə və heç bir itkiyə yol verilmədən biçilmişdir. Nəticədə, rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilmişdir. Həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 480 ton günəbaxan, 480 ton qarğıdalı, 8,4 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 9,9 min ton üzüm, 4,0 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunmuşdur.Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılmışdır. Kənd əməkçiləri 102,5 min ton yüksək keyfiyyətli kartof istehsal etmişlər ki, onun da 80,0 faizi xarici ölkələrə ixrac olunmuşdur.Ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Bu il rayonda 505 hektar sahədə pambıq əkilmiş, indiyədək 545 ton məhsul istehsal edilmişdir. Barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilmişdir. Cari ildə 1172 kiloqram yaş barama istehsal edilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma suyunun mühüm əhəmiyyət daşıdığı nəzərə alınaraq cari ildə 26,0 min hektar əkin sahəsi suvarılmışdır. Bundan başqa, 26 hidrotexniki qurğu təmir edilmiş, 424 kubmetr kanal lildən təmizlənmişdir. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən bu il rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır. Şübhə yoxdur ki, bu tədbirlər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 4643 ton gübrə və 14180 litr herbisid satılmışdır.Əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılması nəticəsində 12,7 min ton ət, 65,3 min ton süd, 23,3 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin lizinq yolu ilə rayona 619 baş cins mal-qara gətirilmiş, 3701 baş qaramal süni mayalandırılmış və 1839 baş cins buzov alınmışdır. Hazırda şəxsi təsərrüfatlarda 98,3 min baş qaramal, 122,6 min baş davar və 879,3 min baş quş becərilir.
Ötən müddət ərzində Cəlilabad şəhərində 34 çoxmənzilli binanın dam örtüyü dəyişdirilmiş, Heydər Əliyev seyrəngahı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları isə əsaslı təmir olunmuşdur. Cəlilabad şəhərinin Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qudrət İsmayılov və Nizami küçələrinə, habelə Cavadxan küçəsinin bir hissəsinə asfalt vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq-Muğan - Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilmiş, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilmişdir. Hazırda 9,4 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, Cavadxan və Qurtuluş küçələrində yenidənqurma işləri görülür. Möhtərəm Prezidentimizin 2018-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən ayrılmış 551 min manat vəsaitlə Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılacaqdır.
Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması da mühüm məsələlərdəndir. Bu məqsədlə rayonun landşaftına uyğun olan 25000 ədəd bəzək ağacı və gül kolları əkilmişdir. Hazırda Cəlilabad-Uzuntəpə yolunun kənarlarında 10000 ədəd sərv ağacı əkilir.Yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün Cəlilabad şəhərinin müxtəlif küçələrində 9 ədəd kiçik həcmli zibilxana tikilmiş, Cəlilabad və Göytəpə şəhərlərində 310 ədəd konteyner qoyulmuş və 2880 ton məişət tullantıları daşınmışdır. Əhalinin maarifləndirilməsi və yaşayış məntəqələrində səliqə-sahman yaradılması üçün xüsusi işçi qrupu fəaliyyət göstərir. Lakin cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı tapşırığına müvafiq olaraq rayon ərazisindəki şadlıq evlərində və məişət obyektlərində tüstütəmizləyici qurğular quraşdırılmalı və havanın çirklənməsinin qarşısı alınmalıdır.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 8046 iş yeri açılmışdır ki, onun da 756-sı daimidir. Sentyabrın 28-də keçirilən əmək yarmarkasında 22 idarə tərəfindən əhaliyə 654 vakant iş yeri təklif olunmuş, onlardan 74-nə göndəriş verilmişdir. Eyni zamanda özünüməşğulluq proqramına 193 nəfər cəlb edilmişdir.Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 10398 nəfərə 21 milyon manat, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 19 nəfərə 186 min manat məbləğində kredit verilmişdir
Ötən müddətdə 32 transformator təmir olunmuş, 10 transformator yenisi ilə əvəz edilmiş, 503 ədəd dəmir dayaq basdırılmışdır. Bundan başqa, Göytəpə şəhərində, Seyidbazar və Günəşli kəndlərində SİP kabellər çəkilmiş, Smart tipli elektrik sayğacları quraşdırılmışdır. Tikintisi yenicə başa çatmış yarımstansiyanın istifadəyə verilməsi əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq.
Ölkə başçısının tapşırığına əsasən rayon üzrə 45360 ev təsərrüfatının 30858-i və ya 68,0 faizi qazlaşdırılmışdır. Bu il 681 abonenti olan Xəlilabad kəndinə və 130 abonenti olan Cəlayir kəndinə ilk dəfə təbii qazın verilməsi əhali tərəfindən böyük razılıq hissilə qarşılanmışdır. Yaxın günlərdə Göytəpə şəhərinin 515 abonenti də təbii qazdan istifadə edəcək. Qazlaşdırılmamış 69 yaşayış məntəqəsində 5333 abonentə qaz xəttinin çəkilməsi ilə əlaqədar müvafiq məlumatları hazırlayıb aidiyyəti qurumlara təqdim etmişik.
Cəlilabad şəhərində 613, Göytəpə şəhərində 250, 11 kənddə 2699 metr telefon kabeli yenisi ilə əvəz edilmiş, 7 kənddə 1700 metr kabel çəkilmişdir. Bundan başqa, 387 nəfər telefon, 600 nəfər isə internet xəttinə qoşulmuşdur. Hazırda 7749 nəfər telefondan, 4476 nəfər internetdən istifadə edir. Bank-maliyyə xidməti göstərilməsindən ötrü 21 poçt şöbəsində kompüter quraşdırılmış və Silver sisteminə qoşulmuşdur.
Hazırda 125 ümumtəhsil məktəbində 3215 pedaqoji işçi 28530 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Onların gərgin əməyinin nəticəsidir ki, bu il buraxılış imtahanlarında IX siniflər üzrə müvəffəqiyyət faizi 54, XI siniflər üzrə isə 43 olmuşdur. Fənn olimpiadalarının rayon mərhələsində IX-XI sinif şagirdlərindən 482-si iştirak etmiş və onların 47-si zona mərhələsində, 3-ü respublıika mərhələsində, 1-i isə Portuqaliyada keçiriləcək Beynəlxalq Olimpiadada iştirak etmək hüququ qazanmışdır. Bu il orta məktəbi bitirən 1511 şagirdin 1122-si və ya 74,2 faizi ali məktəblərə sənəd vermiş, onların 511-i və ya 45,5 faizi tələbə adını qazanmışdır.
Möhtərəm Prezidentimizin tapşırığına əsasən fevral-may aylarında rayon əhalisinin 92415 nəfəri pulsuz tibbi müayinədən keçirilmişdir ki, onun da 30219 nəfəri uşaqdır. Müayinə zamanı müxtəlif xəstəliklərin aşkar edildiyi şəxslər ixtisaslı müalicəyə cəlb olunmuşlar. Ötən müddət ərzində 4 həkim və 44 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmiş, 7 həkimə isə sertifikat verilmişdir.
Masallı regional mədəniyyət və turizm idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyi tərəfindən əlamətdar günlər və bayramlar münasibətilə ümumrayon tədbirləri keçirilmişdir. Gənclərin mənəvi tərbiyəsi, peşə vərdişlərinə yiyələnməsi və istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Mərkəzinin, yaradıcılıq mərkəzinin, uşaq incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyasının və digər mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadə edilmişdir.
Rayon gənclər və idman idarəsinin keçirdiyi 92 tədbir gənclərin hərbi-vətənpərvərlik və fiziki tərbiyəsində mühüm rol oynamışdır. Eyni zamanda müxtəlif idman növləri üzrə rayon və respublika birinciliklərində idmançılarımızdan 3-ü I, 2-si II, 4-ü isə III yerə layiq görülmüşdür. “Şahin” hərbi idman oyunlarının Astara şəhərində keçirilən zona birinciliyində Ləkin kənd tam orta məktəbinin komandası I yeri tutmuşdur.
Hüquq mühafizə orqanları cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı davamlı mübarizə aparmışlar. Qeydə alınan 232 cinayət hadisəsindən 192-sinin və ya 82,8 faizinin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilmişdir. Həmçinin narkotik maddələrin satışına və istifadəsinə dair 54 fakt aşkar edilmiş, 23,6 kiloqram narkotik maddə dövriyyədən çıxarılmışdır.
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmış və qaldırılan problemlərin əksəriyyəti həll olunmuşdur. Aparata 1112 müraciət daxil olmuşdur ki, onun da 829-u ərizə, 283-ü isə şikayətdir. Müraciətlərin 621-i Prezidentin Administrasiyasından, 210-u birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardandır. Rayon icra hakimiyyətinin başçısı tərəfindən aparatda keçirilən qəbullarda 793, yerlərdə keçirilən səyyar qəbul-görüşlərdə isə 527 nəfər qəbul edilmişdir.
Şura iclasında Cəlilabad rayon maliyyə idarəsinin rəisi Əlinazim Quliyev və rayon poçtamtının rəisi Vüsal Kazımov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirələm Kazımov Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov medal və vəsiqəni Mirələm Kazımova təqdim etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdır. Mirələm Kazımov da öz növbəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiş və Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini vurğulamışdır.