Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur
18 oktyabr 2018-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar toplantı keçirilmişdir.Toplantıda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Namiq Zeynalov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov ilk öncə Azərbaycanın müstəqillik qazanmasının 27-ci ildönümü münasibəti ilə toplantı iştirakçılarını ürəkdən təbrik etmiş, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.RİH başçısı bildirdi ki, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin gərgin fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edildi.Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci ilin noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqilliyimizin 27-ci ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Toplantıda çıxış edənlər Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar