Cəlilabadda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı
Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır.
Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.ADPU-nin Cəlilabad filialında və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib.Ümummilli lider Heydər Əliyev dəfələrlə Cəlilabadda səfər edib, ölkəmizin bu dilbər guşəsi, onun zəhmətsevər insanları haqqında gözəl, səmimi və xoş sözlər söyləyib.Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.Ucu-bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət etdi və abidənin önünə təzə-tər gül dəstələri qoydu.Anım günü rayonun yaşayış məntəqələrində Ulu Öndərin xatirəsinə ehsanlar verilib, ruhuna dualar oxunub.