Cəlilabadda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir
27 dekabr 2018-ci il tarixdə Cəlilabad şəhərində yerləşən “Ülvi” şadlıq sarayında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi, hər kəsə xoşbəxtlik, sülh və əmin-amanlıq arzuladı. RİH başçısı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açdı.Bildirdi ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən biridir.2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının I qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olmuşdur. Ulu öndərimizin azərbaycançılıq ideyalarını inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə martın 16-da Bakıda dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmləndirilməsinə yeni təkan vermişdir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həmvətənlərimizin və ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın əlaqələrinin möhkəmləndirilməsi, birliyin və həmrəyliyin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı 24 dekabr 2014-cü il tarixli müraciət milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir. Bu gün hər bir həmvətənimiz respublikamızla fəxr etməyə haqlıdır. “Güclü dövlət - güclü diaspor” prinsipini əsas tutan ölkəmizin şöhrəti ildən-ilə artır, beynəlxalq nüfuzu güclənir, multikulturalizm və tolerantlığın mərkəzi kimi tanınır.
Tədbirdə YAP qadınlar şurasının sədri Fərqanə Məmmədova və rayon ağsaqqlar şurasının sədri Əliheydər Əsədov çıxış edərək rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdilər.Cəlilabad incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirdi.Şaxta babanın və Qar qızının çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi. Tədbir geniş bayram konserti ilə davam etmişdir.