Cəlilabadda Daxili Qoşunların yaranmasının 27-ci ildönümü qeyd edilmişdir
Cəlilabad şəhərindəki “N” saylı hərbi hissədə Daxili Qoşunların yaranmasının 27-ci ildönümü qeyd edilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etmiş, onlara Vətənə sədaqətlə xidmət etməyi, üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlməyi arzulamışdır. RİH başçısı müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması və formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, bu qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchiz olunması, peşəkar zabit kadrlarının hazırlanmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin məqsədyönlü və səmərəli fəaliyyəti yüksək qiymətləndirmişdir.Mərasimdə hərbi xidmətdə fərqləndiklərinə görə əsgər və zabitlərin bir qrupuna mükafatlar təqdim edilmişdir.Şəxsi heyət təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.Tədbir konsert proqramı ilə davam etmişdir.