Cəlilabada dövlət qulluqçularının peşə bayramı qeyd olunub
İyunun 22-də dövlət qulluqçularının peşə bayramı münasibətilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.Tədbirdən əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra aparatının kollektivi və rayonda müxtəlif idarələrdə çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə təzə-tər gül dəstələri düzüblər.Sonra tədbir mərkəzin iclas zalında davam etdirilib.Tədbiri giriş sözü ilə açan RİH başçısı Namiq Zeynalov dövlət qulluqçularına təbriklərini çatdıraraq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır, vətənə, cəmiyyətə layiqincə xidmət edirlər. Cəlilabad rayonunda çalışan dövlət qulluqçularının da rayonda siyasi sabitliyin, sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin təmin olunmasında əməyinin böyük olduğunu diqqətə çatdıran icra başçısı dövlət qulluqçularının hazırlanmasına, təhsilinə, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərildiyini və işdə fərqlənən kadrların əməyinin ədalətli şəkildə qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən yüksək qiymət verildiyini xüsusi qeyd edib. İcra başçısı bütün dövlət qulluqçularını əlamətdar gün münasibətilə bir daha təbrik edərək onlara ən səmimi arzularını çatdırıb və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Cəlilabad RİH-nin Fəxri Fərmanları təqdim olunub.