Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir.

14 fevral 2020 | 16:00

Son illər informasiya mübadiləsinin tempinin artması dünyada və o cümlədən, Respublikamızda baş verən hadisələrin haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr də siyasi məlumatlar kimi anında ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti apardığı statistikalarda yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmur. Sanki hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin həssaslığının artması ilə əlaqədardır.
Narahat doğurucu hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Bir nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir. Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin (odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?! Doğurdanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?!
Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür deyirik:
• Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
• Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;
• Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
• Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
• İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
• Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;
• Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;
• Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir.
Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir;
• Evində fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin – suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında  hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir;
• Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;
• Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;
• Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!
Hörmətli həmvətənlərimiz! Qazla, elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti
07 fevral 2020-ci il

Keçidlər