Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad RİH-dən sosial şəbəkədə yayılan məlumatla bağlı - Açıqlama

01 aprel 2020 | 16:00

Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılmışdır. Məsələnin mahiyyətindən xəbəri olmayanlar güya Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq adgünü keçirməsini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxmasını iddia edirlər.

Tam məsuliyyəti ilə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir. Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməmişlər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilmişdir.

Əslində Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək karantin rejimi dövründə əhali ilə sıx təmasda olmuş, onları maarifləndirmiş və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırmışdır. Həmçinin o, xarici ölkələrdən gətirilərək rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütamadi surətdə onlarla görüşmüş və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərmişdir. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, rayon icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır.

Keçidlər