Ölkədə korrupsiyaya və neqativ hallara qarşı kəskin mübarizə aparılır
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin videoformatda qəbulu zamanı irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün hər bir məmurun üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd etmişdir.
Bu baxımdan Cəlilabad rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, ciddi karantin rejiminin tələblərini pozduğuna görə Cəlilabad RİH başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəzzaq İsbarova və 23 aprel 2020-ci il tarixdə Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verdiyinə görə RİH başçısının Bayxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Həsənova töhmət elan olunmuşdur.
Həmcinin RİH başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev kənd sakinləri üçün ayrılmış 71 ədəd ərzaq payından 14-nü özünün və müavini Seyfullayev Rəşad Xasay oğlunun yaxın qohumlarına və kəndin imkanlı şəxslərinə paylamışdır. Rayon icra hakimiyyəti başçısının 2020-ci il 29 aprel tarixli 47 və 48 nömrəli əmrləri ilə Bağır Şirəliyev və Rəşad Seyfullayev işdə ciddi nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilmişlər. Bağır Şirəliyevin və müavini Rəşad Seyfullayevin fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və rayon prokurorluğunda cinayət işi açılmışdır.Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Binəqədi Rayon Məhkəməsi Pərviz İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.