Könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
Cəlilabadda da dövlət qurumları və təşkilatlarının könüllülərinin əlaqələndirilmiş fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.Cəlilabad rayonunda yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə pandemiya dövründə könüllülər yardım aksiyalarında iştirak etmiş və hal-hazırda da onların fəaliyyəti davam edir. Keçirilən aksiyalar çərçivəsində könüllülər ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, böyük vətən müharibəsi iştirakçılarının evlərinə baş çəkib, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.
Könüllülülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işləri aparmış, braşura hazırlamış, küçədə maskasız gəzən şəxslərə tibbi maskalar və gigyenik vasitələr paylamışlar.
8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində Cəlilabad rayonunda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Fəaliyyətlərə cəlb olunan könüllülər zəruri texniki təchizat və ləvazimatlarla, gigiyena vasitələri ilə təmin olunurlar və müvafiq təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılırlar.
Bu gün rayonumuzun gəncləri – könüllülərimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirmişlər. Onların yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvə dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxanlığın nümunəsi oldular.