Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyalar milli həmrəyliyə dair bəyanat imzalamışlar
• 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər;
• Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər;
• Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmişlər;
• 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”;
• Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər.
• Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir;
• Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir;
• Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər;
• Əlbəttə Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir.