Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır
“Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.
Sonra “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basıldı.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verdi.
-Cənab Prezident, bu gün ölkəmizin neft-qaz sektorunun inkişafında növbəti mühüm hadisənin – “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin şahidi oluruq. Bu layihənin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır.
“Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.
Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki, Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq.
Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək.
Ona görə bu, növbəti böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda istehsal olunub. Mən keçən ay burada olarkən “Qarabağ” dayaq blokunun dənizə göndərilməsini qeyd edirdim. Artıq bu blok burada bizim qarşımızdadır, dənizdədir və bu gün növbəti dayaq bloklarının dənizə göndərilməsi, əlbəttə ki, çox əhəmiyyətli hadisədir. Əminəm ki, qrafik üzrə iki ildən sonra “Abşeron” yatağından ilk qaz və kondensat çıxarılacaqdır.
-Cənab Prezident, qarşıdan neftçilərin peşə bayramı gəlir. Bu münasibətlə ürək sözlərinizi eşitmək istərdik.
-Mən neftçiləri qarşıdan gələn peşə bayramları münasibətilə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır.
Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O, çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamla, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir. Biz müntəzəm olaraq Dövlət Neft Şirkətinin şurasında görüşürdük, məsələləri müzakirə edirdik. Mən söz düşmüşkən deyə bilərəm və hesab edirəm ki, Neftçi Qurban dünyada birnömrəli neftçi sayılmalıdır.
Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə, bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişik. Dövlət Neft Şirkətinin köhnə binasında bizim iş otaqlarımız da yanbayan idi, ikimizin bir qəbul otağımız var idi. Ona görə hər gün görüşürdük və bu gün də görüşürük. Şadam ki, Xoşbəxt müəllim bugünkü mərasimdə iştirak edir və bizimlə birlikdə düyməni basıb. Çünki “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var.
Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
-Cənab Prezident, Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər - həm çar Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunub. O dövrlərdə və müstəqillik dövründə neft amilinin rolunu necə xarakterizə edərdiniz?
-Bəli, Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.
Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb.
Yəni, o vaxt bizim bu zəngin neft maqnatlarımız bu işləri görürdülər. Ancaq əlbəttə ki, onlar hər bir insana kömək edə bilməzdilər. Bir də ki, o vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.
Sovet dövründə - o vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni, cəmi bir-iki il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Deyə bilərəm ki, bizim ailədə də bu, öz təsirini göstərdi. Çünki mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə gənc yaşlarında vəfat etdi.
Yəni, o vaxt Azərbaycan nefti istismar edilirdi. İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft Daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft Daşları” ilə bağlı olacaq. Amma “Neft Daşları” hansı vəziyyətdə idi o vaxt. Mən xatırlayıram, “Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Bunu biz əldə etdik. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı, rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi. Hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, böyük nifrət hissi var idi, mən bunu dəqiq bilirəm. Bunun nəticəsində Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun yaxın ətrafı demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı. Azərbaycanda bəziləri yəqin ki, bunu xatırlamır, ya da bilmir, amma bu tarixi bilmək lazımdır. O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarıldı. Xankəndidə ilk etnik təmizləmə siyasətinin təzahürləri üzə çıxdı və demək olar ki, azərbaycanlılar Xankəndidən qovuldular, Volski orada otura-otura. Yəni, beləliklə, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün imkan yaradıldı.
Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə, tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdı, öz sözünü deməmişdi. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər. Ondan sonra Qanlı Yanvar faciəsi. Cəllad Qorbaçov dinc insanlara meydan oxudu, Azərbaycan xalqının qanı töküldü. Ondan sonra Xocalı soyqırımı. Xocalı soyqırımını vəhşi erməni dəstələri ilə birlikdə törədən Sovet İttifaqının 366-cı alayı olmuşdur. Bəli, o alayda xidmət edənlərin böyük əksəriyyəti ermənilər idi. Ancaq bu, Sovet İttifaqının alayı idi və azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində onların həlledici rolu olmuşdur. Yoxsa ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər.
Yəni, biz bütün bunları gördük. Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir - həm burada – arxa cəbhədə, həm də ön cəbhədə. Bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, bu hadisə zamanı azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası – “Rossiya-1” kanalı məndən bu məsələ ilə bağlı müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub - 416-cı Taqanroq diviziyası. O diviziyada xidmət edənlərin sayı təqribən 12 minə yaxın idi. Ancaq onların mütləq əksəriyyəti – 11 mindən çoxu azərbaycanlılar idi. Diviziyanın tərkibi üç dəfə yenidən formalaşdırılırdı, çünki həlak olanlar həddindən artıq çox idi. Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri Bakı tərəfə keçməyə qoymadılar. Yoxsa ki, Bakını zəbt edəcəkdilər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu, var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki azərbaycanlıların qəhrəmanlığı tarixdən silinirdi.
O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Əfsanəvi partizan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdi. Yəni, o, gizlədilirdi, danılırdı şüurlu şəkildə.
Ona görə biz bunu Sovet İttifaqı dağılanda gördük. İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.
Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.
-Cənab Prezident, ölkəmizdə neft hasilatı ciddi ekoloji problemlər meydana gətirmişdir. Hazırda isə Sizin göstərişinizlə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, tamamilə haqlısınız. Bu, doğrudan da ciddi məsələdir. Çünki o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik. Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o, altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin bunun üstündə sarkofat tikək. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölü də, onun bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi, eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.
Digər layihələr. İndi Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada təqribən ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu yerləşir. Artıq onun da fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Həmçinin yod-brom zavodu. Bəziləri bilmir, o da aeroport yolunda yerləşirdi, o da bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı çöküntüləri poliqona daşıdıq. Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Sənaye potensialı möhkəmləndirilməklə orada müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Sumqayıt Sovet İttifaqında bəlkə də ən çirklənmiş şəhər sayılırdı, bu gün ən təmiz şəhərlərdən biridir. Bütün bunları biz etmişik. Çünki bu, bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Ona görə bizim üçün bu, ön plandadır.
Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik.
Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.
-Cənab Prezident, neft-qaz sektorunda ölkəmizdə həyata keçirilən layihələrin icra vəziyyəti hansı səviyyədədir?
- Layihələrin icrası uğurla gedir. Bizim əsas gəlir mənbəyimiz “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir.
“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır. “Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Hazırda burada gördüyümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, bir, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq “Əsrin kontraktı” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.