Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.
- Fransa tərəfsizliyini qoruya bilmir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir;
- Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir;
- Fransa işğalçının yanındadır. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməlidir;
- Fransa vasitəçilik missiyasını yerinə yetirmir. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir;
- Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir;
- Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi;
- Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu;
- 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq;
- Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq;
- Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır;
- Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur;
- Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var;
- Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı;
- Fransa soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir;
- Fransanın Vyetnamda törətdiyi soyqırımı. Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir;
- Fransanın Cibutidə törətdiyi soyqırımı. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü;
- Fransanın Çadda törətdiyi soyqırımı. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər;
- Fransanın Qabonda törətdiyi soyqırımı. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir;
- Fransanın Tunisdə törətdiyi soyqırımı. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər;
-Fransanın müharibə mirası. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır;
- Beynəlxalq dəyərlərə fərqli münasibət. Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.