Cəlilabadda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, başçının səlahiyyətlərini icra edən Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Cəlilabad şəhərindəki Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Ulu Öndər Heydər Əliyevin Cəlilabadın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri var. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Cəlilabadda səfərdə olub, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb. Bu gün hər bir Cəlilabaddlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər. Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları cəlilabaddlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.