Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN UĞRUNDA ŞƏHİD OLANLAR UNUDULMAYACAQ

18 iyun 2021 | 16:00

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların  zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.  Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
İyunun 18-də Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, hüquq mühafizə orqanları rəhbərlərinin, şəhid və qazi ailələri üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın təqdimat mərasimində bu barədə ətraflı söhbət açılıb.
Mərasimə gələn şəhid ailələrinin üzvləri ilə görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabın müəllifi Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, nəşrə hazırlanmış bu xatirə kitabları dəsti 7 cilddən ibarət olacaq və hər bir şəhid ailəsinə, o cümlədən Heydər Əliyev Mərkəzlərinə, muzey və kitabxanalara hədiyyə ediləcək.
800 səhifəlik birinci kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışından şəhidlər haqqında və onların ailələrinə ünvanlanan dəyərli fikirləri yer alıb: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”
Kitabın müəllifi Abdulla Qurbani öz çıxışında vurğulayıb ki,  Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir. Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür.Məlumat verilib ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı 44 günlük Vətən müharibəsi xronoloji ardıcıllıqla oxucunun nəzərinə çatdırılır, Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə xidmət peşəsinə həsr olunmuş ömür yoluna işıq salınır. Yeri gəldikcə şəhidlərin müqəddəs xatirəsinə, onların intiqamını düşməndən artıqlaması ilə alan igidlərimizin şəninə həsr olunmuş şeirlər, döyüş anlarını əbədiləşdirən fotolar da kitabda təqdim olunur.Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nüsxələri şəhid ailələrinə hədiyyə edilib. Onlar bu kitabı Azərbaycan Ordusunun 103-cü ildönümü ərəfəsində qiymətli bir töhfə kimi qəbul ediblər.  Kitabın təqdimat mərasimində şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

EŞQ OLSUN MÜQƏDDƏS TORPAĞIN ŞƏHİD OĞULLARINA! VƏTƏN ONLARI UNUTMAYACAQ!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər