RIH başçısı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi evində ziyarət edib
Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Rafiq Cəlilov ilk iş günündə İkinci Qarabağ müharibəsinin veteranı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi evində ziyarət edib.
İcra başçısı qazi ilə söhbət edib, səhhəti ilə maraqlanıb. O, bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bir yumruq halında birləşməyə qadirdir. Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqı da bu qələbənin qazanılmasında əsas güc sahibidir. Rafiq Cəlilov həmçinin bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları bundan sonra da daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər.
Söhbət zamanı Qəzənfər Ağayev keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Qazimiz qeyd edib ki, Azərbaycan əsgərləri Vətən qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetiriblər. Qazi Q.Ağayev və ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Qəzənfər Ağayev 1996-cı il martın 19-da Cəlilabad rayonunun Təklə kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin, Suqovuşanın və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir.Ölkə Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.