Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilmişdir
2 oktyabr 2021-ci il tarixdə Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun, Sabirabad kəndində şəhid Əsgərov Musa Əlifağa oğlunun il mərasimi qeyd olunub. Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid Bağırov Elnur Zeynal oğlunun bu gün il mərasimi keçirilib. Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə şəhid E.Bağırovun Cəlilabad rayonunun Privolnoye kəndindəki qəbiristanlığda məzarını ziyarət edib, önünə əklil və çiçək dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Əhmədov Səyyadulla Rasim oğlunun Üçtəpə kəndində ailə üzvləri ilə görüşmüş, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləmişdir. RİH başçısı Səyyadulla Əhmədovun həyat və döyüş yoluna işıq saçan fotoların, müxtəlif məlumatlar yerləşdirildiyi ev muzeyini ziyarət etmişdir.Mərasimlərdə şəhidlərimizin hər bir gənc üçün örnək olan ömür yolundan, Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıqlardan, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açılıb, ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, hər bir şəhid ailəsinin, qazinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu mərasim iştirakçılarının nəzərinə çatdırılmışdır.