Cəlilabadda yeni inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışı olub
Cəlilabad rayonunun Privolnoye kəndində körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik yeni binanın açılışı olub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açılışda iştirak edib.RİH başçısına məlumat verildi ki, yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib.Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.Privolnoye kənd körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.