Cəlilabadın Günəşli kəndində şəhid adına tikilən bulağın açılışı olub
Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də kapitan Ağayev Elçin Zakir oğludur. 7 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Elçin Ağayevin vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunmuş, doğulduğu Günəşli kəndində onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Ziyarət zamanı RİH başçısı Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailəyə səbr diləmişdir. Bulağın açılışında çıxış edənlər 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.Azərbaycan Ordusunun kapitanı olan Ağayev Elçin Zakir oğlu 7 iyul 1993-cü ildə Günəşli kəndində dünyaya göz açmışdır. 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vuraraq təyinatını öz istəyi ilə cəbhə bölgəsinə almışdır. Cəsur zabit Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci il oktyabrın 6-da həmin qızğın vuruşmada qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.Elçin Ağayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, üç övladı yadigar qalmışdır. Kiçik qızı 2021-ci il yanvarın 24-də dünyaya gəlib, ona Şuşa adı verilib. Allah rəhmət etsin!