Edişə kəndində şəhid adına tikilən bulağın açılışı olub
23 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Əsgər Məmmədovun vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunmuş, doğulduğu Edişə kəndində onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailəsinin üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Əsgər kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Bizə Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.Şəhid Əsgər Məmmədovun atası Zaur Məmmədov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.