Cəlilabad şəhərinin daxili küçələrinə asfalt döşənir
Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Cəlilabad şəhərinin daxili küçələrində tikinti və abadlıq işləri həyata keçirilir, yollar və küçələr əsaslı təmir olunur. Artıq bu istiqamətdə görülən işlərə 2021-ci ilin sentyabr ayından start verilib. Şəhərin gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçələrə asfalt döşənir. Şəhər sakinləri koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Məlumat üçün bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək, şəhər daxili küçələr mərhələli şəkildə asfaltlaşdırılacaqdır.