Rafiq Cəlilov şəhid Əkbər Hüseynlinin ev muzeyini ziyarət edib
17 dekabr 2021-ci il tarixində rayonun Alar kəndində Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Hüseynli Əkbər Azər oğlunun ildönümü mərasimi keçirilib. Mərasimində iştirak edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Mərasimdən sonra Rafiq Cəlilov şəhid Əkbər Hüseynlinin ev muzeyini ziyarət etmişdir. Muzeydə Əkbər Hüseynlinin həyat və döyüş yoluna işıq saçan fotolar, müxtəlif məlumatlar yerləşdirilib.Əkbər Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. Əkbər Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib. 27-29 sentyabr tarixlərində Murovdağ istiqamətində döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murovdağ zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Əkbər Hüseynlinin nəşi 77 gündən sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və 17 dekabr 2020-ci ildə doğulduğu kənd qəbiristanlığında dəfn edilib. Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.