Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya təşkil olunub

25 dekabr 2021 | 16:00

  Azərbaycan 44 günlük Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində şanlı qələbə qazanaraq çoxəsrlik tariximizin ən parlaq səhifəsini yazdı. Bu parlaq Zəfəri bizə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri bəxş etdilər. Onlar qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi ilə əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək, xalqımıza əvəzolunmaz qürur və sevinc hissi yaşatdılar. Torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan qəhrəman oğullarımızın ailə üzvləri və yaralı qazilərimiz daim dövlət qayğısı ilə əhatə olunub. “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və TƏBİB-nin birgə təşkilatçılığı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dekabrın 25-də keçirilən tibbi aksiya da bu həssas kateqoriyadan olan soydaşlarımız üçün dövlətin həyata keçirdiyi tədbirlərə dəstək xarakteri daşıyır. Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən 400 nəfərdən çox şəhid və qazi ailələrinin üzvləri müayinə olunmuş, müvafiq müalicə kursları təyin edilmiş, zəruri dərman vasitələri ilə təmin olunmuş, eləcə də digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir. Aparılan müayinələr zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonradan ixtisaslaşmış tibb müəssisələrində tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət yarandıqda cərrahiyə əməliyyatları həyata keçiriləcək. Keçirilən aksiyanın təşkilati işlərinə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən dəstək verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər