Cəlilabadda sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad Rayon Sosial Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün Yeni il şənliyi təşkil edilmişdir. Bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz təbriklərini çatdırıb, qarşıdan gələn yeni ildə hər bir ailədə doğulan, böyüyən uşaqlara sağlam həyat və firavan gələcək arzulayıb. RİH başçısı ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışıb, həmçinin respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.Daha sonra bayram şənliyində iştirak edən uşaqlar rəqs edib, şeir söyləyib, mahnılar oxuyublar. Şənliyə Şaxta baba və Qar qızla yanaşı, klounun da qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.Bayram şənliyinin sonunda uşaqlara Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.