Cəlilabadın Şükürlü və Şorbaçı kəndlərində modul tipli məktəblər istifadəyə verilib
Son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.28 dekabr 2021-ci il tarixdə Cəlilabad rayonunda iki modul tipli məktəbin açılışı olub. Açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, DTX-nin Cəlilabad rayon şöbəsinin rəisi Mehman Qasımov, rayon təhsil şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ağaxan Ağayev, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Açılış mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov müəllim və şagirdləri əlamətdar gün münasibəti ilə təbrik edib. Bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı təməl əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Son vaxtlar təhsil sistemində analoqu olmayan proqram və layihələr həyata keçirilir.Ölkənin hər tərəfində yeni məktəblər tikilir,köhnə məktəblər əsaslı təmir olunur,müasir avadanlıqlarla təchiz edilir, yeni dərsliklər hazırlanaraq şagirdlərə pulsuz paylanılır. Təhsil işçilərinin əmək haqqı müntəzəm artırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində rayonumuzda da məktəb tikintisi geniş miqyas almışdır.Qeyd edilib ki, yeni quraşdırılmış modul tipli 80 şagird yerlik Şükürlü və 80 şagird yerlik Şorbaçı kənd tam orta məktəbləri tədris üçün lazımi inventar və tədris vasitələri ilə təchiz edilib.Yerli sakinlər, müəllimlər, şagirdlər və valideynlər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.