Şriftin ölçüsü :

Saytın rəngi :

CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ CƏLİLOVUN 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİKİ

31 dekabr 2021 | 16:00
  Əziz cəlilabadlılar! Ümummilli Lider Heydər Əliyevin müdrik düşüncəsi ilə təsis olunmuş, hər birimizə vətən sevgisi, yurd təəssübkeşliyi və milli soykökümüzə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə ən xoş arzu və diləklərimi çatdırıram.
  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü xalqımızın taleyində çox əlamətdar və şərəfli bir gündür. Vətəndə və xaricdə yaşayan həmvətənlərimizin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək yenilməz qüvvəyə çevrilməsi amalını daim qəlbində yaşadan Ulu Öndər bu istiqamətdə tarixi xidmətlər göstərib. Məhz Ümummilli Liderin təşəbbüsü ilə xaricdə yaşayan həmvətənlərimizin Vətənlə əlaqələrinin qurulmasında, diaspor hərəkatının güclənməsində müstəsna rolu olan dünya azərbaycanlılarının qurultayları, digər mühüm əhəmiyyətli tədbirlər keçirilib. Bu əlamətdar gündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Ana Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin, qalibiyyət bayramının qürurunu yaşayırlar. Bu milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir və möhtərəm Prezidentimizin uzaqgörən siyasi rəhbərliyi altında Azərbaycanı daha işıqlı sabahlara aparacaqdır.
  Bütün bunların nəticəsi olaraq bu gün soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğində, milli maraqlarımızın müdafiəsində və digər xalqlarla dostluq münasibətlərinin qurulmasında yaxından iştirak edirlər. Fəxrlə deyə bilərik ki, bu gün 50 milyonluq dünya azərbaycanlıları Ulu Öndərimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan parlaq nailiyyətlərə, beynəlxalq münasibətlərdə əldə olunan uğurlara birlikdə sevinir, qürur hissi keçirirlər. Məhz Müzəffər sərkərdəmizin düşünülmüş siyasəti sayəsində Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirmişdir. Bu möhtəşəm iradə hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratmışdır..
  Təbiidir ki, belə günlərdə gözlərimizin qarşısına Vətənin suverenliyi yolunda canlarını fəda etmiş övladlar gəlir. Bu gün parlayan işıqlar onların ömür yolunun nurudur! Onlar heç vaxt unudulmayacaq, biz qəhrəman oğullarımızın əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin! 
Qlobal siyasi və iqtisadi böhranların, pandemiya kimi qorxulu bəlanın  dünyanı bürüdüyü bir vaxtda cənab Prezidentin yorulmaz fəaliyyəti sayəsində xalqımız üçün il ildən uğurlu olur. Yola saldığımız 2021-ci il də yaxşı nəticələrlə başa çatır. İl ərzində ölkədə sosial-iqtisadi inkişaf dinamikası artmaqda davam etməklə mühüm sosial əhəmiyyətli dövlət proqramları və infrastruktur layihələr icra olunub. Bu gün biz bu əzəmətli ideyaların təntənəsini hamılıqla və əyani surətdə hiss edirik. 
  Qarşıdan yeni il gəlir. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımızla birlikdə biz də inanırıq ki, 2022-ci ildə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da inkişaf davam edəcək, yeni layihələrin icrasına başlanılacaq, sosial obyektlər tikilib istifadəyə veriləcək, iş yerləri açılacaq, həyat şəraiti durmadan yaxşılaşacaqdır. Bunu son bir neçə ayda görülən işlərin miqyası bir daha sübut edir. Rayonun şəhər və kəndlərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yeni sosial obyektlər, təhsil müəssisələri, iş yerləri açılır, sahibkarlıq inkişaf etdirilir. Yolların abadlaşdırılması, yaşayış məntəqələrinin ardıcıl şəkildə qazlaşdırılması, elektrik təsərrüfatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Şəhid ailələrinə və qazilərə, ehtiyacı olan sakinlərə qayğı artır.  Rayonda ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi torpaq sahiblərində işə həvəsi gücləndirib.
  Əminəm ki, bundan sonra görüləcək işlər ölkəmizin hər bucağı kimi, Cəlilabad rayonunu  da daha uğurlu və işıqlı gələcəyə yaxınlaşdıracaq, hər bir cəlilabadlının ailəsinə sevinc, fərəh gətirəcəkdir. 
  Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə firavan həyat, xoşbəxtlik və səadət arzulayıram.     
  Həyat olan yerdə ümid var. Yeni ildə bütün ümidlər və uğurlar sizinlə olsun! 
Keçidlər