Rafiq Cəlilov şəhid Ələkbər Musayevin ailəsinə baş çəkib
Şəhid ailələrinə dəstək olmaq məqsədilə Cəlilabad Rayon Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Ələkbər Musayevin ailəsini ziyarət edib.Rafiq Cəlilov şəhidin valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Rafiq Cəlilov qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz Qarabağda tarixi qələbə qazandılar və indi biz şəhid ailələri və qazilərimizə hər cür mənəvi və maddi dəstək göstərməliyik. Rafiq Cəlilov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır.Görüşün sonunda şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildiriblər.Ələkbər Əlövsət oğlu Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.Ələkbər Musayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 29-də Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb və Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.