Cəlilabadda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Təbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, 20 Yanvar faciəsinin iştirakçıları olan rayon sakinləri və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş rəsm sərgisinə baxmışlar.
Tədbir 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov açmışdır. Bildirilmişdir ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirmişdir.
“Dəyirmi masa”dan sonra Heydər Əliyev Mərkəzində “Bir gəncin qəhrəmanlıq salnaməsi” adlı tamaşa səhnələşdirilib.
Bakı vaxtı ilə saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.