Rafiq Cəlilov Vətən müharibəsi qazisini ziyarət edib
Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov Türkiyə Respublikasından müalicədən qayıdan Vətən müharibəsi qazisi Xəlilov Saleh Aydınəli oğlunu evində ziyarət edib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən cəlilabadlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.
Görüşdə qazi Saleh Xəlilov cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmət edən edən Saleh Xəlilov Vətən müharibəsində Daşaltı döyüşlərində ağır yaralanmışdır. S.Xəlilov “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin dekabr ayından Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 2022-ci ilin yanvar ayının 22-də müalicədən qayıdıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xəlilov Saleh Aydınəli oğlu “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildiririk ki, Saleh Xəlilov qardaşları Taleh Xəlilov, Əli Xəlilov və Anar Xəlilov Vətən müharibəsi iştirakçılarıdır.
Rafiq Cəlilov qəhrəman övladlar böyütdüyü üçün Aydınəli Xəlilova təşəkkür etmiş, Aydınəli Xəlilov və qazi övladı Saleh Xəlilov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.