Rafiq Cəlilov çiyələk sahələrində olub
Cəlilabad rayonunda çiyələk əkininə maraq artıb. Buna səbəb məhsula tələbatın çox olmasıdır. İldən-ilə texniki imkanları və bu sahədə təcrübələri artan fermerlər ötən mövsümün nəticələrindən razı qalıblar. Dövlətin kənd təsərrüfatına dəstəyindən yararlanan fermerlər bu mövsüm də bol məhsul götürəcəklərinə əmindirlər.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov rayonun Göytəpə şəhərində fermer Murad Həsənova məxsus çiyələk sahəsində olub, əkilmiş çiyələyin məhsuldarlığı və keyfiyyəti ilə maraqlanmışlar.
Murad Həsənov aparılmış əkin işləri barədə RİH başçısına məlumat vermişdir. Fermer yeni üsulla əkilmiş çiyələk kollarını yerdə deyil, istixana şəraitində xüsusi qaydada hazırlanmış yerüstü yataqlarda əkmişdir.Türkiyə və İtaliya təcrübəsi əsasında qurulmuş yeni çiyələk təsərrüfatının üstün xüsusiyyətlərindən biri də əkin yerinə qənaət edilməsidir. Əgər ənənəvi üsulla bir hektarda 60 min çiyələk şitili əkilirsə, yeni metodla eyni sahədə orta hesabla 200 min şitil basdırmaq və bir hektar çiyələk sahəsindən 70 ton məhsul götürmək mümkündür. Hazırda fermer tərəfindən “murano”, “montere”, “azia” və “kleri” çiyələk sortları ənənəvi üsulla 14,0 hektar sahədə, yeni üsulla isə 0,20 hektar sahədə əkilmişdir. Yeni üsulla əkilmiş çiyələk sahəsindən 14 ton məhsul yığılması gözlənilir.
Fermer tərəfindən istehsal olunmuş çiyələk xarici ölkələrə, xüsusəndə Rusiya, Qazaxıstan, Ukrayna və Ərəb ölkələrinə ixrac olunur.