Rafiq Cəlilov şəhid ailəsini ziyarət edib
Cəlilabad rayonunun rəhbərliyi Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə daim yaxından qayğı göstərir, dəstəyini əsirgəmir. Fevralın 1-də rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Sabirabad kəndində şəhid Musa Əsgərovun ailəsini ziyarət edib. R.Cəlilov şəhidin valideyni ilə səmimi söhbət aparıb, onun qayğı və problemləri ilə maraqlanıb. RİH başçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun torpaqlarımızın düşmən işğalından azad edilməsində hünərindən ətraflı bəhs edib, tarixi Qələbəmizin möhtəşəmliyinə diqqət çəkib. Görüşün sonunda şəhidin valideyni göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2003-2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində oxuyub, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Musa Əsgərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.