Cəlilabad şəhərində abad həyət layihəsinə start verilmişdir
Cəlilabad şəhəri ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınması işlərinə start verilmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Zərifə Əliyeva küçəsində 6 ədəd çoxmənzilli yaşayış binasının əhatə etdiyi ərazidə abadlıq, quruculuq, yenidənqurma işlərinə başlanılmış və yaxın zamanda yaradılacaq abad həyət sakinlərin istifadəsinə veriləcəkdir.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılacaqdır. Binaların həyətində yeni işıqlandırma sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması nəzərdə tutulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı müxtəlif növ həmişəyaşıl ağaclar əkiləcəkdir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov məsul şəxslərlə birlikdə əraziyə baxış keçirib, görüləcək abadlıq işləri ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.