Cəlilabadda 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
Cəlilabad Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Ulu Öndərin gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Vurğulanıb ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi elm, təhsil, mədəniyyət, idman sahələrində dövlət proqramları, layihələrlə gəncliyin inkişafına dəstək verir. Cəlilabad gəncləri də dövlət - gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar. Gənclərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər. Rayon rəhbəri tövsiyə edib ki, gənclər öz üzərlərində çalışmalı, yaxşı təhsil almalı, müxtəlif peşələrə yiyələnməli, rayonun sosial – iqtisadi həyatında fəal iştirak etməlidirlər. R.Cəlilov həmçinin gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu xüsusilə vurğulayıb.
Tədbirdə məruzə ilə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirərək bu siyasətin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Həmçinin ədəbi yaradıcılıq sahəsindəki uğurlarına görə yazıçı Meyxoş Abdullaha anadan olmasının 60 illiyi münasibətilə rayon icra hakimiyyətinin təbriki və hədiyyə təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.