Rafiq Cəlilov şəhid Camal Əliyevin ailəsinə baş çəkib
Fevralın 18-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Camal Əliyevin ailəsinə baş çəkib. Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş və bildirmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalqımız bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Camal Əliyevin həyatı, döyüş yolu barədə söhbət açılmışdır.
Camal Mehman oğlu Əliyev 2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Camal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Camal Əliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub və rayonun Pərdi kənd qəbiristanlığında dəfn olunub.
Camal Əliyev Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət etsin.